MİHİ Masallı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib

133

Aprelin 25-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mütəxəssisi Elxan Şahverdiyev, MİHİ-nin əmək-texniki müfəttişi Çingiz İbrahimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, həmçinin ittifaq üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Yığıncağın sədri Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və katibi Rəmziyyə Bədəlova təyin olunub. Sədr tədbiri açaraq hesabat-seçki yığıncağının qonaqlarını və iştirakçılarını salamlayıb. Sonra o, konfransın gündəliyi və seçki proseduru barədə iştirakçıları məlumatlandırıb.

MİHİ Masallı rayon komitəsinin sədri Vəkil İsmailov hesabat-seçki konfransında geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə komitənin strukturu, üzvləri, həmçinin fəaliyyətinin 2017 – 2023-cü illəri əhatə edən dövrü barədə təfərrüatlı məlumatlar verilib, ötən dövr ərzində görülmüş işlər faktlar və rəqəmlərlə ifadə olunub.

Sonra komitənin təftiş komissiyasının sədri Əlizadə Rəhmətovun yerli təşkilatın fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunan hesabat məruzəsi dinlənilib. Eyni zamanda komitənin digər üzvləri – Əntiqə Tağıyeva, Bəhrəm Abuşov, Vəfa Dövlətova və Günay Xəlilova seçki ilə bağlı fikir və rəylərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirdə həmçinin Masallı rayon komitəsinin struktur bölmələrinə seçkilər keçirilib. Reqlamentə uyğun olaraq, açıq səsvermədə komitəyə, Rəyasət heyətinə və Təftiş komissiyasına üzvlər seçilərə, yeni tərkiblər formalaşdırılıb və təsdiq edilib. Komitənin yeni tərkibinin ilk iclasının müzakirəsindən sonra səsvermə keçirilib və Vəkil İsmailov yekdilliklə qarşıdakı dövr üçün yerli komitəyə sədr seçilib.

Hesabat-seçki konfransının qonaqları Çingiz İbrahimov, Elxan Şahverdiyev və Bəxtiyar Qılıncov çıxış edərək Masallı rayon komitəsinin yeni rəhbərini və həmkar üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.