ÜLFƏT QƏZETİ

AHİK sədrinin müavini, «Ülfət» qəzetinin baş redaktoru
Aqil İsax oğlu Dadaşov

1955-ci ildə anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin məzunudur.

Əmək fəaliyyətinə «Bakı» və «Baku» axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) «Ülfət» qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur.

A.Dadaşov 1998-ci ildə AHİK-in sədr müavini seçilmişdir. Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının üzvüdür. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
«Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının mükafatlarına layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Aqil İsax oğlu Dadaşov “Əməkdar jurnalist” Fəxri adına layiq görülüb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
Evlidir. İki övladı var.

«ÜLFƏT» QƏZETİ
Azərbaycan Həmkarlar İttifaqlarının mətbu orqanı

«Ülfət» qəzetinin ilk sayı 1991-ci ilin may ayında işıq üzü görmüşdür. Müstəqilliyimizin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müstəsna rol oynamışdır.

Hazırda Azərbaycan həmkarlar ittifaqları hərəkatının ən populyar, ən çox tirajla çıxan nəşrlərindəndir.

Redaksiyadaxili struktur imkan verir ki, respublikamızın, xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində operativ əksini tapsın. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin prioritet istiqamətlərindən sayır.

Bütün bu vəzifələrin vaxtında, dəqiq, keyfiyyətlə yerinə yetirilməsi üçün «Ülfət» geniş informasiya şəbəkəsi qurmuşdur. Demək olar ki, hər gün hökumət, qeyri-hökumət qurumlarından, sahə həmkarlar ittifaqları strukturlarından redaksiyaya məlumatlar daxil olur. Həmin məlumatlar və müxbirlərin vətəndaşlarla birbaşa ünsiyyətindən əldə olunan faktlar, araşdırmalar əsasında müxtəlif janrlarda, mövzularda materiallar hazırlanıb oxuculara təqdim edilir.

İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir.
«Ülfət» 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən «Cəmiyyət», «Gerçəklik», «Rakurs», «Yaxşılığa doğru», «Gəncliyimiz-gələcəyimiz», «Aktual», «Problem», «Sosial», «İqtisadiyyat», «Gender bərabərliyi», «Beynəlxalq panoram» və sair rubrikalar altında hazırlanır. Redaksiya kollektivinin paytaxtda, Sumqayıtda, regionlarda keçirdiyi «Dəyirmi masa»larda həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr, üzləşdiyi problemlər üzvlərin hüquqlarının qorunması yolları müzakirə olunur.

Qəzetin redaktoru və əməkdaşlarının bir qrupu respublikamızın fəxri adlarına, AHİK-in yubiley medalına, Fəxri fərmanlarına layiq görülmüşlər. «Ülfət»də dərc olunan bir çox yazı fərdi jurnalist yaradıcılığı müsabiqələrində qalib elan olunmuşdur.
«Ülfət» qəzeti Mətbuat Şurasının ilk təsisçilərindəndir.