PARŞ Qadınlar komitəsinin iclası keçirilib

105

Aprelin 18-də Pan Avropa Regional Şurası (PARŞ) Qadınlar komitəsinin onlayn formatda iclası keçirilib.

İclasın gündəliyinə ötən dövr ərzində görülmüş işlərin müzakirəsi və 2024-cü ilin birinci yarısında qarşıda duran vəzifələrin müəyyən edilməsi daxil edilib.

Qadınlar komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sektor müdiri Röya Qarayeva görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında məruzə ilə çıxış edib və bu il fevralın 6-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Qadınlar komitəsinin iclasında qəbul edilən qərarları iştirakçıların nəzərinə çatdırıb. O həmçinin BHİK adından BMT-nin Qadınların Vəziyyəti ilə bağlı 68-ci sessiyası UNCSW68 çərçivəsində iştirak etdiyi “İş dünyasında sistemik dəyişiklik yolu vasitəsində gender bərabərliyinin sürətlənməsi” mövzusunda keçirilən panel iclasdakı məruzəsindən də bəhs edib.

Sonra PARŞ-nin siyasi müşaviri Goda Neverauskaite qarşıda baş tutacaq və Qadınlar komitəsinin təmsil olunmasının vacib olduğu tədbirlər haqqında məlumat verib, həmçinin bu ilin ikinci yarısı üçün nəzərdə tutulan növbəti iclasın gündəliyi və Qadınlar məktəbinin qarşıdakı fəaliyyəti barədə danışıb. Qeyd edib ki, payız aylarına planlaşdırılan Qadınlar məktəbinin harada keçirilməsi ilə bağlı yekun qərar və bununla bağlı digər məsələlər nəzərdən keçirilərək komitə sədri ilə birgə razılıqdan sonra açıqlanacaq.

İclasda digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb, rəy və təkliflər səslənib.