Naxçıvanda şəhid ailələri Ağbulaq İstirahət Mərkəzində dincəliblər

219

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının (NMRHİŞ) maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə şəhid ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində 2 günlük istirahətləri təşkil olunub.

İlkin mərhələdə 54 şəhid ailəsinin üzvü mərkəzdə dincəlib, kanatla gəzintiyə çıxıb, xizəklə sürüşüb, onlar üçün yaradılmış şəraitdən faydalanıblar.

Mərkəzdə həmçinin şəhid ailələrinin üzvləri ilə görüş də təşkil olunub. Çay süfrəsi arxasında baş tutan görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, NMRHİŞ-nin sədri Qəzənfər Abdullayev çıxış edərək şəhidlərin ailə üzvlərinə başsağlığı verib, qəhrəman övladları ilə hər bir azərbaycanlının fəxr etdiyini bildirib. Vurğulayıb ki, ötən dövr ərzində Şura tərəfindən şəhid və qazi ailələrinə sovqat paylanılıb, 9 min manatdan artıq maddi yardım göstərilib. Onların ailələrinin sağlamlıqlarının qorunması və müalicəsi üçün sanatoriyalara yollayışlar verilib. Həmçinin 45 şəhid övladına məktəbli ləvazimatları alınıb, 2 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

“Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov həm dövlətimiz, həm də ictimai təsisatlar tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və bu missiyanın müqəddəs borc olduğunu deyib.

Sonra şəhid ailələrinin müraciətləri dinlənilib.

Qeyd edək ki, fevralın 5-6 və 13-14 tarixlərində də ümumilikdə digər 150 şəhid ailəsinin də Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil ediləcək.