AHİK sədrinin müavini “Naxçıvan şəhid ailələri” İctimai birliyinin üzvləri ilə görüşüb

226

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov və qurumun Təşkilat şöbəsinin müdiri Əsəd Ələkbərovla görüşüb.

Şura sədri şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verərək şəhidlərə Allahdan rəhmət diləyib.

Bildirib ki, dövlət siyasətinin davamı olaraq şəhid ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır, onlarla görüşlər təşkil edilir, sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, Şura tərəfindən keçirilən layihələrdə şəhidlərimizin ailə üzvləri və qazilərin iştirakının təmin olunması istiqamətində bundan sonra da işlər davam etdiriləcək.

Qeyd olunub ki, Şuranın təşkilatçılığı ilə 31 yanvar – 1 fevral, 5-6 və 13-14 fevral tarixlərində ümumilikdə 150 nəfər şəhid ailəsinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunacaq.

İctimai birliyin sədri Mais Gülməmmədov və şöbə müdiri Əsəd Ələkbərov dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu istiqamətdə ictimai qurumların da fəaliyyətini qeyd edib.

Sonda Şura sədri tərəfindən İctimai birliyin ofisinə Şah bayraq hədiyyə edilib.