Bakı Ali Neft Məktəbində HİK-nın hesabat-seçki konfransı keçirilib

285

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar ittifaqı komitəsinin (HİK) III hesabat-seçki konfransı keçirilib. Konfransda BANM-in rektoru Elmar Qasımov, HİK-nin sədri Oktay Rzayev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov, əməkdaş və tələbələr iştirak ediblər.

BANM HİK-ya ötən hesabat dövründə sədrlik etmiş Oktay Rzayev görülən işlər barədə məlumat verib. Müzakirələrdən sonra konfransın gündəliyi və iş qaydası təsdiq edilib, müvafiq dövr üzrə hesabat dinlənilib. Habelə Ali Məktəbin HİK-nin və Təftiş komissiyasının say tərkibi müəyyənləşib, eləcə də Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI Qurultayına nümayəndələr seçilib.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis Elsevər Səlimov isə yekdilliklə BANM HİK-nın yeni sədri seçilib.

Konfransda çıxış edən Elmar Qasımov yeni sədri təbrik edib, onun fəaliyyətini yüksək qiymətləndirib, bir sıra tövsiyələrini verib.

Sonda Elsevər Səlimov etimada görə təşəkkürünü bildirib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacağını bəyan edib.