Şəhid ailələrinin növbəti qrupu Ağbulaq İstirahət Mərkəzində dincəlib

283

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının (NMRHİŞ) maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə şəhid ailəsinin üzvü olan 42 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.

Onlar 2 gün ərzində mərkəzdə dincəlib, kanatla gəzintiyə çıxıb, xizəklə sürüşüb, yaradılmış şəraitdən faydalanıblar.

Mərkəzdə həmçinin şəhid ailələrinin üzvləri ilə çay süfrəsi arxasında görüş də təşkil olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, NMRHİŞ-nin sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, ötən müddət ərzində Şura tərəfindən şəhid ailələrinin müraciətlərinə baxılması, qayğılarının öyrənilməsi, üzləşdikləri problemlərin aradan qaldırılması, eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində uğurlu layihələr həyata keçirilib. O, bu missiyanın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıb.

Sonra “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov şəhid ailələrinə qayğı ilə yanaşılmasını onlara xüsusi diqqət və həssaslıq göstərilməsini, problemlərinin həlli istiqamətində davamlı tədbirlərin görülməsini minnətdarlıqla qarşıladıqlarını deyib.

Görüşdə habelə şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflər dinlənilib, həmin məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 15-16 fevral tarixlərində digər şəhid ailələrinin də Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunacaq.

Xatırladaq ki, bundan əvvəl – ilkin mərhələdə isə 54 şəhid ailəsi üzvü mərkəzdə dincəlmişdi.