
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər erməni təcavüzkarlarının Xocalıda törətdiyi vəhşilikləri, dinc insanların qətlə yetirilməsini, bu qanlı hadisəyə ilk hüquqi-siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub və həmin ərazilərimizə, o cümlədən Xocalıya həyat yenidən qayıdır.
Sonra AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış Xocalı soyqırımı barədə məlumatlar, fotoşəkillər nümayiş etdirilib.