
“YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün qış düşərgəsi təşkil edilib.
Layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Naxçıvan Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı və “Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə reallaşdırılıb.
11-16 yaş aralığında 25 iştirakçını əhatə edən düşərgənin təşkilində məqsəd uşaqlarda qış mövsümünə uyğun olan əyləncəli idman oyunlarına maraq oyatmaq, yeni dostluq əlaqələrinin qurulmasına şərait yaratmaqdır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, AHİK sədrinin müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev düşərgə iştirakçıları ilə görüşüblər.
Qeyd edək ki, uşaqlar üçün 3 gün ərzində “Ağbulaq” istirahət mərkəzində xizək təlimi təşkil edilib, onlar kirşə sürüb və vaxtlarını əyləncəli keçiriblər.