ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 Mart 2025

Səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç” yarışı start götürüb

Səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç” yarışı start götürüb

Hacıqabul rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşəbbüsü və təşkilatçılığı ilə “Sağlamlığa doğru qaç!” layihəsinə start verilib.

Layihənin təşkilatçıları və iştirakçısı olan səhiyyə işçiləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Hacıqabul rayonundakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ASİHİRK-nın sədri Elnara Muradova çıxış edərək vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan və dövlət proqramlarından söz açıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarış start götürüb, Hacıqabul, Salyan, Şirvan, Neftçala, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından olan ümumilikdə 230-a yaxın həkim, tibb bacısı və digər peşə sahibi mübarizəyə qoşulub.

Beş min metr məsafəyə qaçış yarışının yekununda finiş xəttini birinci keçən ilk 3 nəfər qalib elan olunub və mükafatlandırılıb. Eləcə də qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan bu idman tədbiri tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.