
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlığa doğru qaç!” layihəsi çərçivəsində Mingəçevir şəhərində qaçış yarışı keçirilib.
Əvvəlcə, layihənin təşkilatçıları və iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beş min metr məsafəyə qaçışda Mingəçevir şəhəri, Ağdaş, Ucar, Yevlax, Goranboy və Göyçay rayonlarından həkim, tibb bacısı və digər peşə sahibləri, eləcə də Mingəçevir Tibb Kollecinin tələbələri iştirak ediblər.
Yekunda finiş xəttini birinci keçən ilk 3 nəfər qalib elan olunub və mükafatlandırılıb. Eyni zamanda qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan idman tədbiri tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.