
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə “İdman et, sağlam yaşa” devizi altında tələbə-gənclərlə görüş keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən görüşdə məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin fəallığının dəstəklənməsidir.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AHİK sədrinin müşaviri Orxan Ərəbov çıxışında dövlətimizin uğurlu idman siyasətini, bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğını vurğulayıb, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda nailiyyətlər qazandığını deyib.
Orxan Ərəbov həmçinin sağlam həyat tərzinin təşviqində, sosial fəallığın və vətənpərvərlik ruhunun gücləndirilməsində idmanın əhəmiyyətini qeyd edib, belə görüşlərin tələbə-gənclərlə təcrübə mübadiləsi baxımından önəmini diqqətə çatdırıb.
AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxışında “İdman et, sağlam yaşa” layihəsinin məqsədi barədə məlumat verib, bu cür təşəbbüslərin gənclərin fiziki və mənəvi inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev və AHİİTA-nın direktoru Tural Qasımov isə layihənin önəmindən və perspektivlərindən bəhs ediblər. Tədbirdə iştirak edən ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, AHİK-in Layiqli Əmək Səfiri İlham Zəkiyev və Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov öz idman yollarından danışıb, sağlam həyat tərzinin vacibliyini qeyd ediblər. Sonra tədbir sual-cavab sessiyası ilə davam edib.