
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndələri ilə görüş olub.
Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar haqqında danışıb, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işləri, tətbiq olunan yenilikləri diqqətə çatdırıb.
Görüşdə yeni layihələr, o cümlədən “AHİK Könüllüləri”, yollayışların verilməsi prosesinin sadələşdirilməsi və mərkəzləşdirilməsi layihələri barədə məlumat verilib. Bildirilib ki, Konfederasiya özəl sektorla əməkdaşlığa böyük önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərir.
ATİA İdarə Heyətinin sədri Ramiz İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək əsas məqsədin ölkədə tikinti materialları istehsalına dəstək vermək olduğunu qeyd edib.
Konfederasiya tərəfindən son dövrlərdə aparılan işləri, sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri qeyd edən Ramiz İsayev əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı əlaqələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə müzakirələr aparılıb.