
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növbədənkənar konfransı keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın gündəliyinə Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə qoşulması haqqında müraciəti, Nizamnaməyə əlavə və dəyişikliklər, təşkilati məsələlər daxil edilib.
Müzakirələr zamanı bildirilib ki, təklif olunan məsələlər idarəetmədə səmərəliliyin daha da artmasına, maliyyə və kadr resurslarının optimallaşdırılmasına, əlavə maliyyə mənbələrinin formalaşdırılmasına, oxşar sahələr üzrə üzvlərə vahid yanaşmanın tətbiqinə imkan yaradacaq.
Müzakirələrdən sonra Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqına qoşulması və Nizamnamədə bir sıra dəyişikliklər səsə qoyularaq təsdiqlənib, qurumun adı isə “Azərbaycan Elektroenergetika və Kommunal Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi” olaraq dəyişdirilib. Konfransda həmçinin Respublika Komitəsinə və Təftiş komissiyasına üzvlər seçilib.
Konfransda iştirak edən AHİK-in Aparat rəhbəri Həsən Cəfərov Elektroenergetika və Kommunal Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətinə uğurlar arzulayıb.