
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.
Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.
AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “AHİK Plus”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç” layihələri barədə deputatlara məlumat verib. Vurğulanıb ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.
Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.
Sonra AHİK-in fəaliyyəti, eləcə də “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xüsusi rolunu qeyd edib. Musa Quliyev sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında önəmini vurğulayıb.
Görüşdən sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin Çağrı Mərkəzi ilə tanış olublar.
Ardınca dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub.
Bununla əlaqədar keçirilən tədbirdə Konfederasiya sədri Sahib Məmmədov Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri aparılacaq.
Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq olunan yeniliklərin önəmini vurğulayıb, görülən işlərin dövlətimizin sosial siyasətinə əhəmiyyətli töhfə olduğunu qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib. İştirakçılar həmçinin eyni məkanda yerləşən “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.