
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin uşaqlar arasında keçirdiyi “Ekologiya mənim fırçamda” rəsm müsabiqəsinə yekun vurulub.
Bununla əlaqədar keçirilən tədbirdə dövlətimizin uşaqlarla bağlı siyasətindən, onların sağlam düşüncəli, Vətənə məhəbbət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışılıb. Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən sosial siyasət gələcəyimiz olan uşaq və yeniyetmələrin layiqli vətəndaş kimi formalaşmasına əlverişli zəmin yaradır. Vurğulanıb ki, bu gün uşaqlarımız cənab Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində qalib və qüdrətli Azərbaycanın məğrur və xoşbəxt vətəndaşı olaraq böyüyürlər. Tədbirdə həmçinin müsabiqənin uşaqların yaradıcılığına, potensialının üzə çıxarılmasına verdiyi töhfələrdən, eləcə də ekoloji mədəniyyətin, təbiətə həssas münasibətin təbliğ olunması, yaşıllıqlara qayğı ilə yanaşmağın önəminə diqqət çəkmək baxımından əhəmiyyətindən danışılıb.
İştirakçılar rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 300-dən çox uşağın çəkdiyi rəsmlər təqdim edilib. Seçilən 70 rəsmdən 9-u qalib elan olunub. Üç nominasiya üzrə isə 9 nəfər həvəsləndirici mükafata layiq görülüb.