
Belçika Krallığının Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) Gənclər komitəsinin iclası keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) baş mütəxəssisi, PARŞ Gənclər komitəsinin üzvü Eşqin Əliyev və Konfederasiyanın sektor müdiri Tural Süleymanov iştirak ediblər.
İclasda Gənclər komitəsinin 2025-ci il üzrə fəaliyyət planı, gənclər siyasətinin əsas istiqamətləri və həmkarlar ittifaqlarında gənclərin iştirak imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. PARŞ-nin icraçı katibi Anton Leppik hazırkı dövrdə şuranın üzərinə düşən vəzifələri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Gənclər üzrə koordinatoru Maria Tsirantonaki həmkarlar ittifaqlarında gənclərin fəallığının artırılması ilə bağlı fikirlərini bölüşüb.
AHİK-in nümayəndələri - Eşqin Əliyev və Tural Süleymanov tədbirdə Azərbaycan həmkarlar ittifaqlarında aparılan islahatlardan, gənclər siyasətindən, onların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışıb, “AHİK Könüllüləri”, "Layiqli əmək səfirləri" layihələri barədə məlumat veriblər.
İclasda 2025-ci il üçün iş planı təsdiq olunub.