
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Karyera planlaması niyə mühümdür?” adlı seminar keçirilib.
AƏSMA-nın tələbələri üçün keçirilən seminar karyera planlamasının əhəmiyyəti və faydaları, karyera məqsədlərinin düzgün təyin edilməsi, şəxsi və peşəkar məqsədlərin balanslaşdırılması, məşğulluq bazarının təhlili kimi mövzuları əhatə edib.
Tədbirdə çıxış edən AHİK sədrinin müşaviri Orxan Ərəbov, AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev TİPx formatının əhəmiyyəti barədə fikirlərini bölüşüb, gənclərin əmək bazarında rəqabətədavamlı olmaları üçün bu cür tədbirlərin önəmini vurğulayıblar.
Sonra Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Zeynəb Sabirlinin moderatorluğu ilə AHİK-in İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin müdiri Azər Sanılı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Sərvər Abdullayev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı mövzu ilə bağlı çıxış edib, tələbələrin suallarını cavablandırıblar.