Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.
Konfederasiya sədri Azərbaycan və Somali həmkarlar ittifaqları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, işçilərin rifahı və hüquqlarının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və sosial ədalətin təmin edilməsi, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün həmkarlar ittifaqları arasında əməkdaşlıq və həmrəylik mühüm şərtlərdəndir. Bu baxımdan, görüş təcrübə və fikir mübadiləsinin aparılmasında önəmli olmaqla yanaşı, Azərbaycan və Somali həmkarlar ittifaqları arasında əlaqələrin yaranmasına töhfə verəcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatların öz işini müasir tələblər səviyyəsində yenidən qurduğunu diqqətə çatdıran Sahib Məmmədov işçilərin hüquqlarının qorunması, hamı üçün təhlükəsiz iş mühitinin təmin edilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının reallaşdırdığı layihələr, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində son zamanlar tətbiq edilən yeniliklər barədə də məlumat verilib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli qonaqpərvərlik üçün təşəkkürünü bildirib, Somali və Azərbaycan həmkarlar ittifaqları arasında əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını qeyd edib. Mohamed Osman Hacı Əli həmçinin rəhbərlik etdiyi Somali Həmkarlar İttifaqları Konqresinin fəaliyyətindən bəhs edib, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.