Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasında 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Muxtar respublikada yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Şuranın sədri Qəzənfər Abdullayev çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. Vurğulayıb ki, Şura hər zaman şəhid ailələrinə qayğı göstərir və onlara xüsusi diqqətlə yanaşır.
Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika komitəsinin sədri, Naxçıvan Ali Məclisinin deputatı Teymur Rzayev isə çıxışında bildirib ki, 20 Yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, mübarizə əzmini bütün dünyaya bəyan etdi. Digər çıxış edənlər də xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcının məhz 20 Yanvarda qoyulduğunu bildiriblər.
Qeyd edək ki, Şura tərəfindən Naxçıvanda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvlərinə maddi-mənəvi dəstək göstəriləcək.