ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

11 Noyabr 2024

Mərakeş və Azərbaycan həmkarlar ittifaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Mərakeş və Azərbaycan həmkarlar ittifaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov COP29 tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Mərakeş İşçilərinin Ümumi Birliyinin (MİÜB) Baş katibi Enam Mayara ilə görüşüb.

Ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 tədbirinin əhəmiyyətini qeyd edən Konfederasiya sədri qonaqları bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycanla Mərakeş Krallığı arasında münasibətlərdən söz açan Sahib Məmmədov Mərakeşin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, Konfederasiya və üzv təşkilatlar fəaliyyətində xarici əlaqələrə üstünlük verir, regional və beynəlxalq həmkarlar ittifaqları, eyni zamanda Azərbaycana dost ölkələrin müvafiq qurumları ilə münasibətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bugünkü görüşü Azərbaycan və Mərakeşin həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinin növbəti addımı kimi dəyərləndirən Sahib Məmmədov əmək hüquqlarının müdafiəsi və sosial ədalətin təşviq edilməsi işində fikir və təcrübə mübadilələri aparılmasının, birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Ölkəmizin həmkarlar ittifaqlarının tarixindən və fəaliyyətindən bəhs edən Sahib Məmmədov vurğulayıb ki, biz qarşılıqlı əmək və sosial-iqtisadi münasibətləri sosial tərəfdaşlıq prinsipləri üzərində qurur, hökumət və işəgötürənlərlə real dialoqa üstünlük verir, əmək münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyə çalışırıq. Sosial dialoqun mürəkkəb məsələlərin həllində, sosial sabitliyin təmin edilməsində ən uğurlu yol olduğunu Konfederasiya sədri fikirlərinə əlavə edib.