Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci il dönümüdür. Heydər Əliyev görkəmli dövlət adamı, nəhəng siyasi xadim, həyat və fəaliyyəti ilə hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmiş fenomen şəxsiyyətdir. O bütün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətçiliyinin qorunmasına, güclənməsinə və tərəqqisinə həsr edib. Ulu Öndərimizin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunub.
1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi, ümumiyyətlə, qədimlərə söykənən şərəfli tariximizdə yeni mərhələnin əsasını qoydu, müstəqilliyimizə istiqamətlənən şanlı bir yol çəkdi.
Heydər Əliyev Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas edən əvəzolunmaz şəxsiyyət, böyük azərbaycanlıdır. Onun 1993-cü ilin iyununda respublikada ikinci dəfə hakimiyyətə gəlməsi tarixin axarını dəyişdi, Azərbaycan xalqını böyük məşəqqətlərdən xilas etdi. Ulu Öndər ölkəmizin qarşısındakı bütün maneələri aradan qaldıraraq onu dönməz inkişaf yoluna çıxardı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsində möhtəşəm Qələbə ilə Heydər Əliyev ideyalarını reallaşdırdı. Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Qeyd edək ki, Heydər Əliyev həmkarlar ittifaqlarının inkişafına, sərbəst fəaliyyətinə daim dəstək olub, quruma dövlət qayğısı göstərib. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bu, Heydər Əliyevin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti idi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, üzvlərin sayı artmağa başladı, qarşısında sərbəst və müstəqil fəaliyyət göstərmək üçün imkanlar açıldı.
Bu qanun öz dəyərinə, məzmununa görə bir çoxlarına demokratiyanı sözdə yox, əməldə dəstəkləməyin parlaq nümunəsi oldu. Azərbaycanda bu qanunla yanaşı, əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas Konvensiyalarının Milli Məclis tərəfindən ratifikasiyası həmkarlar ittifaqlarının normal işləməsi üçün münbit şərait yatdı.
Bununla da istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların qəbulunda onun verdiyi təkliflər əsas yerlərdən birini tutmağa başladı. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevi sonsuz hörmət və ehtiram hissi ilə anırıq.