ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

17 Yanvar 2025

“Bilgəh” kardioloji sanatoriyasında 20 Yanvar şəhidləri anılıb

“Bilgəh” kardioloji sanatoriyasında 20 Yanvar şəhidləri anılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı “Kurort” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə “Kurort” QSC-nin və “Bilgəh” kardioloji sanatoriyasının əməkdaşları, həmçinin sanatoriyada müalicə olunan pasiyentlər iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
 “Kurort” QSC baş direktorunun müşaviri Kubra Cabarova çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yerindən danışıb. Bildirib ki, 35 il əvvəl törədilmiş bu qanlı hadisə Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə, azadlıq mübarizəsini daha da gücləndirdi. 
“Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Afiyəddin İsgəndərov isə vurğulayıb ki, 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunları tərəfindən misli görünməmiş cinayət törədildi. Həmin gün qəhrəman oğul və qızlarını itirsə də, Azərbaycan xalqı öz ideyaları uğrunda mübarizədən geri çəkilmədi. 
“Kurort” QSC-nin əməkdaşı Rüfət Yusupov həmin ağır dövrdə Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyindən danışıb. Qeyd edib ki, yanvarın 21-də Ümummilli Liderimiz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, onun verdiyi qətiyyətli bəyantla dünya bu qanlı cinayətdən xəbər tutdu.
Sonra tədbir iştirakçıları 20 Yanvarda itkin düşən insanların xatirəsinə ehtiram əlaməti olaraq  dənizə qərənfillər atıb, sahilboyu əraziyə güllər düzüblər.