ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

17 Yanvar 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib

İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərliyi ilə AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında (BƏT) bir sıra görüşlər keçirib.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Beate Andrees, İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru xanım Maria Helena Andre, eləcə də qurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasında əlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdən danışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib. Müstəqilliyinin ilk illərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeyd edən Konfederasiya sədri hazırda “Sosial təminat (minimum standartlar)” Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, AHİK və üzv təşkilatları əmək şəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir, AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılan müzakirələrdə fəal iştirak edirlər. BƏT-in dəstəyi ilə Bakıda və ölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrinin iştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masa keçirilib.

Görüşlərdə həmçinin AHİK tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası”nın qəbul olunduğu, eləcə də AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqından biri olduğu vurğulanıb.

Bununla yanaşı, BƏT-in dəstəyi ilə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı 10-dan çox maarifləndirici vəsait, həmçinin “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycanda görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrünə dair hesabat” nəşr olunub.

BƏT-də keçirilən görüşlərdə “yaşıl iqtisadiyyata” keçid, bu prosesdə ədalət prinsipinin qorunmasının əhəmiyyətindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən də bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb.

 AHİK nümayəndə heyəti həmçinin BƏT-lə imzalanması nəzərdə tutulan “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın təsdiq edilməsinin sürətləndirilməsini xahiş edib.

BƏT nümayəndələri qurumun konvensiya və tövsiyələrinə Azərbaycan həmkarlar ittifaqlarının önəm verdiyini, tərəfdaşlığın daha da genişlənəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər 2025-2026-cı illər üçün əməkdaşlığa, o cümlədən əməyin təhlükəsizliyi, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması və “yaşıl” iş yerlərinin yaradılmasının təşviqi barədə müzakirələr aparıb, səslənən təkliflər barədə fikirlərini bildiriblər.