ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

12 Dekabr 2024

AHİK-in üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə tədbir keçirilib

AHİK-in üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş tədbir keçirilib.

AMEA Rəyasət Heyətinin təşkilatçılığı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Füzulinin sənət dünyası və Akademiyanın Füzulinaməsi” mövzusunda keçirilən tədbir Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutub.

Tədbirdə Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Əvvəlcə iştirakçılar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları və AMEA əməkdaşlarının şairin həyat və yaradıcılığına həsr olunmuş kitablarının sərgisi ilə tanış olublar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin ana vətəninin Azərbaycan olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir.

Şairin bir çox şeirlərinin Azərbaycan xalq ədəbiyyatının nümunələri kimi ictimaiyyət arasında geniş yayıldığını və kütləviləşdiyini söyləyən AMEA prezidenti vurğulayıb ki, Füzuli mənsub olduğu xalqla tamamilə qaynayıb-qarışmış, bütövləşmiş dahi söz ustadıdır. O, Azərbaycan ədəbiyyatını təmsil etdiyi qədər Azərbaycan mənəviyyatını, azərbaycanlı düşüncəsini, Azərbaycan insanın mənəvi aləmini və qüdrətini də eyni şəkildə təmsil edir.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxış olub.