Əməyin mühafizəsi – iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsini, işçilərin hüquqlarının qorunmasını və istehsalatda yaranan təhlükələrin minimuma endirilməsini nəzərdə tutan tədbirlər sistemidir. Buraya texniki təhlükəsizlik qaydaları, sanitariya normaları, istehsalat gigiyenası, sosial təminat və işçilərin hüquqlarının müdafiəsi daxildir.
Əməyin mühafizəsinin əsas məqsədi işçilərin sağlam və təhlükəsiz şəraitdə işləməsini təmin etmək, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısını almaqdır. Bu məqsədə çatmaq üçün qanunvericilik normaları işlənib hazırlanmış və daim təkmilləşdirilməkdədir.
Bu gün bir çox inkişaf etmiş ölkələrdə əməyin mühafizəsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Müxtəlif iş yerlərində texniki təhlükəsizlik sistemləri qurulur, əmək mühafizəsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazaları təkmilləşdirilir. Müəssisələrdə əmək təhlükəsizliyi ilə bağlı OHSAS 18001 və ISO 45001 kimi beynəlxalq standartlar tətbiq edilir.
İş yerlərində əməyin mühafizəsinin təmin edilməsi yalnız işçilərin rifahına deyil, həm də istehsalatın davamlılığına və effektivliyinə müsbət təsir edir. Buna görə də həm işəgötürənlər, həm də işçilər əmək təhlükəsizliyi qaydalarına ciddi riayət etməli və onların tətbiqinə nəzarət etməlidirlər.
Azərbaycanda əməyin mühafizəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürənlər işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasını təmin etməlidirlər. Ölkəmizdə fəaliyyət göstərən həmkarlar ittifaqları işçilərin əməyinin mühafizəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynayır. Onların fəaliyyəti iş şəraitinin yaxşılaşdırılmasına, istehsalat qəzalarının qarşısının alınmasına və işçilərin hüquqlarının müdafiəsinə yönəlib. Bu prosesin daha da effektiv olması üçün həmkarlar ittifaqları, dövlət qurumları və işəgötürənlər arasında sıx əməkdaşlıq zəruridir. Beynəlxalq əmək standartlarının tətbiqi, işçilərin maarifləndirilməsi və işəgötürənlərin məsuliyyətinin artırılması bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradır.
Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti həyata keçirirlər və iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işəgötürən qarşısında məsələ qaldırmaq hüququna malikdirlər (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 236-cı maddəsi). Eyni zamanda həmkarlar ittifaqları səlahiyyəti daxilində əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında, istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması üçün kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə yoxlamalarında və s. məsələlərin həll edilməsində iştirak edir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 237-ci maddəsi).
Bununla yanaşı, həmkarlar ittifaqları Azərbaycan Respublikasının “Həmkarlar ittifaqları haqqında” Qanunun müddəalarına əsasən fəaliyyət göstərməklə işçilərin əməyin mühafizəsi sahəsində hüquqlarının qorunmasını təmin edirlər. Əməyin mühafizəsi üzrə qəbul olunmuş beynəlxalq konvensiyalar, o cümlədən Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədləri də bu sahədə hüquqi tənzimləməyə yardım edir.
Azərbaycan həmkarlar ittifaqları, bu təşkilatların fəaliyyətinin əlaqələndiricisi qismində çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) BƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq edərək işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin və sağlamlığın mühafizəsi sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə çalışırlar, belə ki, bu cür əməkdaşlıq gələcəkdə əməyin mühafizəsi səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq amillərdəndir.
BƏT tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının da iştirakçısı olduğu konvensiyalar əsasında Azərbaycan qanunvericiliyi daim təkmilləşdirilir. Azərbaycan Respublikasının 1 iyul 2023-cü il tarixindən etibarən tərəfdar olduğu “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının 19-cu maddəsinə əsasən, müəssisələr səviyyəsində aşağıdakıların təmin edilməsi üçün tədbirlər görülür:
a)işçilərin nümayəndələri işəgötürənlə əməyin təhlükəsizliyi və gigiyenası sahəsində əməkdaşlıq edirlər;
b)müəssisələrdə işçilərin nümayəndələri işəgötürənlə əməyin təhlükəsizliyi və gigiyenası sahəsində əməkdaşlıq edirlər;
c)müəssisələrdə işçilərin nümayəndələri əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsi üçün işəgötürən tərəfindən həyata keçirilən tədbirlər barədə müvafiq məlumat alırlar və kommersiya sirrinin açılmaması şərtilə bu barədə öz nümayəndəli təşkilatları ilə məsləhətləşə bilərlər;
d) işçilər və onların nümayəndələri müəssisələrdə əməyin təhlükəsizliyi və gigiyenası üzrə müvafiq təlimlərə cəlb olunurlar;
e) işçilərə və ya onların nümayəndələrinə və şəraitdən asılı olaraq, müəssisələrdə onların nümayəndəli təşkilatlarına milli qanunvericilik və təcrübəyə müvafiq olaraq, onların işi ilə bağlı əməyin təhlükəsizliyi və gigiyenasının bütün aspektləri üzrə araşdırma aparmaq üçün imkan yaradılır və onlarla işəgötürən tərəfindən məsləhətləşmələr aparılır; bu məqsədlə qarşılıqlı razılaşma əsasında müəssisəyə kənar texniki məsləhətçilər cəlb edilə bilər;
f) işçi onun həyatına və ya sağlamlığına birbaşa və ciddi şəkildə təhlükə olacağını kifayət qədər əsaslı ehtimal etdiyi istənilən vəziyyət barədə dərhal birbaşa rəhbərinə məlumat verir; işəgötürən təhlükənin qarşısını alan tədbir görənədək zəruri olduğu halda işəgötürən işçidən həyat və sağlamlıq üçün birbaşa və ciddi təhlükənin davam etdiyi iş şəraitinə qayıtmasını tələb edə bilməz.
23.06.1971-ci il tarixli "İşçilərin nümayəndələri haqqında" 135 saylı Konvensiyanın 3-cü maddəsinin a) bəndinə görə milli qanunvericilik və ya təcrübəyə əsasən işçilərin nümayəndələri qismində həmkarlar ittifaqlarının nümayəndələri, daha dəqiq həmkarlar ittifaqları və ya bu cür həmkarlar ittifaqlarının üzvləri tərəfindən təyin edilmiş və ya seçilmiş nümayəndələr ola bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə işçilərin nümayəndəli orqanı - əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatlarıdır (birlikləridir).
Müvafiq keçidlər:
Qanunvericilik:
Azərbaycan Respublikasının Konstitusiyası ↗
Həmkarlar ittifaqları haqqında ↗
Yanğın təhlükəsizliyi haqqında ↗
Texniki təhlükəsizlik haqqında ↗
Əhalinin sağlamlığının qorunması haqqında ↗
Sanitariya-epidemioloji salamatlıq haqqında ↗
Əhalinin radiasiya təhlükəsizliyi haqqında ↗
Nazirlər Kabinetinin qərarları:
“Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə ↗
Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları:
Əməyin Təhlükəsizliyi və Sağlamlığı haqqında Konvensiya ↗
Əmək təftişi haqqında Konvensiya ↗
Əmək təftişi (Kənd təsərüffatında ) haqqında Konvensiya ↗
Üçtərəfli Məsləhətləşmə (Beynəlxalq Əmək Standartları) haqqında Konvensiya ↗
Təşkilat hüququ və Kollektiv Müqavilə haqqında Konvensiya ↗
Birləşmə Azadlığı və Təşkilatı Hüququnun Müdafiəsi haqqında Konvensiya ↗
Gigiyena (Ticarət sahəsində və Ofislərdə) haqqında Konvensiya ↗
→ Əməyin mühafizəsi ilə bağlı müraciətiniz üçün