1921-ci il dekabr ayının 4-də Naxçıvanda həmkarlar ittifaqının yaradılması regionun ictimai və siyasi həyatında mühüm rol oynayıb. Həmin dövrdə təşkilat 3 vilayət həmkarlar ittifaqı komitəsini, 27 şəhər və rayon komitəsini, 3 birləşmiş həmkarlar ittifaqı komitəsini, 400-dək ilk həmkarlar ittifaqları komitələrini öz ətrafında birləşdirib.
Ötən əsrin 50-ci illərindən etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlarının həyatında baş verən mühüm dəyişikliklərlə əlaqədar ittifaq komitələrinin sahələr üzrə formalaşması baş verib. Bu, bir tərəfdən hərəkatın ilk təşkilatlara daha da yaxınlaşmasına imkan yaratdığı halda, ikinci tərəfdən genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olunmasını tələb edirdi.
Bütün bunlar nəzərə alınaraq 1967-ci il noyabrın 17-də keçirilən təsis konfransında Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurası təşkil olunmuş, Muxtar Respublikada həmkarlar ittifaqlarının fəaliyyətindəki pərakəndəliyə son qoyulub. Həmin dövrdə ittifaq üzvlərinin sayı 31 min nəfər təşkil edirdi.
Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində daha da güclənib. Ulu Öndərin təşəbbüsü ilə Muxtar Respublika Həmkarlar İttifaqları Şurasının yeni binası tikilərək 1974-cü ildə istifadəyə verilib.
Vilayət Həmkarlar İttifaqı Şurasının ali orqanı 5 ildə bir dəfə çağrılan konfransdır. Konfranslararası dövrdə rəhbər orqan Məclisdir. Məclislərarası dövrdə ali icraedici orqan Şuranın Rəyasət Heyətidir.
Ölkəmiz ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqlarının tarixində yeni mərhələ başlanıb.
Şura 509 həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirir və 42073 üzvü var.
Şura Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən 493 ilk, 1 şəhər, 9 birləşmiş və 6 respublika komitəsi həmkarlar ittifaqları təşkilatlarını özündə birləşdirir.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi, 30
Əlaqə nömrəsi: (+99436) 545 03 76