Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 1920-ci ildə təsis edilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqının varisi olaraq 1920-ci il iyunun 9-da təsis edilib. O vaxta qədər isə Azərbaycanda bir neçə müəllim ittifaqı kortəbii formada fəaliyyət göstərib və öz fəaliyyətlərini yalnız maaşlarının artırılması tələbi ilə məhdudlaşdırıblar. Sonrakı illərdə Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı – Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı (MAMEİİHİ), Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı (XTEİHİ) və 1990-cı ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adlanır. Təhsil sistemində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin, təşkilatların, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin işçilərini, tələbələrini, aspirantlarını özündə birləşdirir.
Komitə 5722 ilk , o cümlədən 76 şəhər və rayon və 1 birləşmiş həmkarlar ittifaqı təşkilatlarını ibarətdir və 405181 üzvü var.
İttifaq beynəlxalq əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədilə ikitərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür. ATİAHİ 1992-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, 2000-ci ildən Belçika Krallığının Brüssel şəhərində yerləşən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvüdür.
Ünvan: Bakı şəhəri, AZ 1005, Gənclər meydanı, 3
Əlaqə nömrəsi: (+99412) 437 32 54