ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Beynəlxalq əlaqələr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) beynəlxalq səviyyədə əməkdaşlıq və həmkarlar ittifaqları hərəkatına qoşulmaqla Azərbaycan işçilərinin hüquqlarının müdafiəsi və sosial ədalətin təşviqi istiqamətində mühüm işlər görür. AHİK Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası (BHİK), Pan Avropa Regional Şurası (PARŞ), Ümum Həmkarlar İttifaqları Konfederasiyası (VKP) və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) üzvüdür və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə sıx əməkdaşlıq edir.

Eləcə də Konfederasiya 70-ə yaxın müxtəlif  ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələri qurub.

AHİK-in beynəlxalq fəaliyyətinin əsas sahələri:

  1. İşçi hüquqları və sosial ədalət: AHİK beynəlxalq aləmdə əmək hüquqlarının müdafiəsi sahəsində fəal iştirak edir. Bununla yanaşı, təşkilat işçi hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq və sosial ədaləti təmin etmək məqsədilə beynəlxalq tədbirlərdə iştirak edir.
  2. Təhsil və təlim proqramları: AHİK işçi hüquqlarının qorunması, əmək münasibətlərinin yaxşılaşdırılması və həmkarlar ittifaqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif beynəlxalq təlim və təhsil proqramlarına qatılır. 
  3. Beynəlxalq konfranslar və seminarlar: AHİK beynəlxalq konfranslarda, seminarlarda  Azərbaycanı təmsil edərək əmək hüquqları, sosial təminatlar, iş şəraiti və digər mühüm məsələlərin müzakirəsində iştirak edir, dünya təcrübəsini öyrənir və öz təcrübəsini  bölüşür.
  4. Humanitar və sosial yardım: AHİK beynəlxalq həmkarlar ittifaqları ilə əməkdaşlıq edərək humanitar və sosial yardımların təşkilinə dəstək verir. Bu xüsusilə təbii fəlakətlərdən zərər çəkən ölkələrə yardımların göndərilməsi kimi istiqamətləri əhatə edir.
  5. Qlobal əməkdaşlıq və inkişaf: AHİK həmçinin qlobal həmkarlar ittifaqları hərəkatının inkişafına töhfə vermək məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələrini möhkəmləndirir və sosial ədalət prinsiplərini müdafiə edir.

 

Beynəlxalq Əmək Təşkilatı (BƏT)

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Birinci Dünya müharibəsinin sonunda imzalanmış Versal sülh müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılıb və 1946-cı ildən isə BMT-nin ixtisaslaşmış təşkilatı statusunu qazanıb. 

BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul, sosial-iqtisadi və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. 

BƏT-in ali orqanı ildə bir dəfə çağırılan Beynəlxalq Əmək Konfransıdır. Konfrans BƏT-in ümumi siyasəti, iş proqramı və büdcəsi ilə əlaqədar qərarlar, həmçinin əmək sahəsinə dair beynəlxalq normativ sənədləri qəbul edir və İdarə Heyətini seçir. Bu sənədlər konvensiya və tövsiyələr şəklində olur. Konfrans həmçinin ölkələrin qoşulduğu konvensiyalara əməl etmələrinə nəzarət edir.

Təşkilat öz fəaliyyətini hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət üç əsas orqanı Beynəlxalq Əmək Konfransı, rəhbər orqan və katiblik funksiyalarını yerinə yetirən Ofis vasitəsilə həyata keçirir.

Qurumun mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşir və BƏT-in hazırkı Baş katibi Gilbert F.Ungbodur. 

Azərbaycan 1992-ci ildən BƏT-in tam hüquqlu üzvüdür. Ölkəmiz BƏT-in 59 konvensiyasını və 1 protokolunu ratifikasiya edib, onlardan 54-ü qüvvədədir, 3 konvensiya və 0 protokol denonsasiya edilib, 3 sənəd isə ləğv olunub.

AHİK 1997-ci ildən BƏT ilə sıx əməkdaşlıq edir, qarşılıqlı seminar və konfransların keçirilməsində fəal iştirak edir.  

https://www.ilo.org/

 

Pan Avropa Regional Şurası  (PARŞ)  

Pan Avropa Regional Şurası (PARŞ) 19 mart 2007-ci ildə Vyanada təsis edilmiş beynəlxalq təşkilatdır. Təşkilat Avropa regionunda və digər bölgələrdə əmək hüquqlarını qorumaq və sosial ədaləti təşviq etməklə məşğuldur. Şura Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasına (BHİK) üzv olan 45 ölkəni əhatə edir və ümumilikdə 85 milyon üzvü olan 90 milli mərkəzə malikdir.

PARŞ-ın ali qərarverici orqanı Baş Assambleyadır və hər 4 ildən bir toplanır. İcraiyyə Komitəsi isə ildə ən azı bir dəfə toplanır və fəaliyyət planlarını hazırlayır. Baş katib, prezident və vitse-prezidentlər PARŞ-ın fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə ildə iki dəfə toplanır. Katiblik isə təşkilatın gündəlik fəaliyyətini koordinasiya edir və əsasən PARŞ-ın baş katibi və BHİK-in baş katibi tərəfindən təyin olunan məsul şəxslərdən ibarətdir.

 PARŞ katibliyi Brüsseldə, BHİK-PARŞ Cənub-Şərqi Avropa Ofisi isə Sarayevoda yerləşir.

Hazırda PARŞ-ın prezidenti İqor Zubkudur. Qurumun Baş katibi isə Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linçdir. 

AHİK 2007-ci ildən PARŞ-ın üzvüdür. 2022-ci il 13 dekabr tarixində keçirilən seçkilərdə AHİK nümayəndəsi növbəti 4 illik fəaliyyət müddəti üçün PARŞ-ın Qadınlar Komitəsinə sədr seçilib. 2024-cü il oktyabr ayında isə AHİK nümayəndəsi PARŞ-ın Gənclər Komitəsinin üzvü seçilib.  

https://perc.ituc-csi.org/

 

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası (BHİK)

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası (BHİK) 1 noyabr 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası (BAHİK) və Dünya Əmək Konfederasiyasının (DƏK) birləşməsi nəticəsində yaranıb. BHİK dünya miqyasında işçilərin hüquqlarını müdafiə etmək və sosial ədaləti təşviq etmək məqsədi ilə yaradılan beynəlxalq təşkilatdır. BHİK dünyada işçilərin hüquqlarını qoruyur, sosial ədaləti təşviq edir, iqtisadi və sosial inkişafı dəstəkləyir.

Təşkilatın qanunvericilik əsasını BHİK-in Nizamnaməsi təşkil edir.

BHİK-in strukturuna qurultay, Baş şura, İcraiyyə komitəsi və katiblik daxildir. Qurumun rəhbərliyi prezident, baş katib və vitse-prezidentlərdən ibarətdir və hazırkı prezidenti Akika Gono, baş katibi isə Luk Triangledir. Rəhbərlikdəki 39 vitse-prezident Amerika, Afrika, Asiya və Avropa qitələrindən olan həmkarlar ittifaqları liderləridir. Azərbaycan, Gürcüstan və Ukrayna həmkarlar ittifaqları da bu siyahıya daxildir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2001-ci ildən BAHİK-in, 2006-cı ildən isə BHİK-in üzvüdür. 3 dekabr 2024-cü il tarixində Braziliyanın paytaxtı Brazilia şəhərində keçirilən BHİK-in Baş şurasının 35-ci toplantısında AHİK sədri Sahib Məmmədov BHİK-in vitse-prezidenti təsdiq edilib. 

 https://www.ituc-csi.org

 

Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK)

Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) 16 aprel 1992-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaradılıb. Təşkilatın təsisçiləri arasında Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistan yer alır.  Azərbaycan (2004-cü il), Ukrayna, Gürcüstan və Moldova təşkilata sonra qoşulublar. 

ÜHİK-in fəaliyyət istiqamətləri geniş bir spektri əhatə edir. Təşkilat, üzvlərinin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasına yönəlmiş fəaliyyətlər həyata keçirir. Bu məqsədlə, həmkarlar ittifaqları arasında əməkdaşlıq və qarşılıqlı kömək təşviq olunur.

ÜHİK üzv təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdə həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsi və qarşılıqlı dəstəyin təmin edilməsində mühüm rol oynayır. Həmçinin, təşkilat üzv təşkilatlarının ortaq maraqları sahəsində fəaliyyətin koordinasiyasını təmin edir və inteqrasiya prosesləri, sosial və əmək sahələrində, o cümlədən qanunvericilik bazasının formalaşmasında iştirak edir. ÜHİK, dövlətlərarası səviyyədə birgə mövqelərin hazırlanmasında və təqdim edilməsində də fəal iştirak edir. 

ÜHİK-in strukturu idarəetmə orqanları olan Qurultay, Baş Şura və İcraiyyə Komitəsindən, rəhbərliyi isə prezident, Baş katib və vitse-prezidentlərdən ibarətdir. Hazırda ÜHİK-in prezidenti Aleksandr Korçagindir. 

ÜHİK, həmçinin MDB-nin müxtəlif qurumları, Avrasiya İqtisadi Birliyi və Avrasiya İqtisadi İttifaqının dövlətlərarası orqanları ilə əməkdaşlıq edir. Təşkilat bu qurumlarla birlikdə regionda sosial və iqtisadi inkişafın təşviqi, işçilərin hüquqlarının qorunması və əmək münasibətlərinin tənzimlənməsi sahəsində müxtəlif layihələr və təşəbbüslər həyata keçirir.

Ümum Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyəti ilə işçilərin sosial-iqtisadi mənafelərini qorumağa, beynəlxalq əməkdaşlığı təşviq etməyə və həmkarlar ittifaqları arasında qarşılıqlı dəstəyi gücləndirməyə davam edir.

 https://vkp.ru/news/index.html/

 

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatı (TDHİT)

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaranma tarixi 29 iyul 2023-cü il tarixində Şuşa şəhərində qurumun təsis edilməsi haqqında müqavilənin imzalanması ilə başlayıb. 22 sentyabr 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərində təşkilatın təsis yığıncağı keçirilib və 29 noyabr 2023-cü ildə Türkiyənin Ankara şəhərində I qurultay təşkil olunub. 

Qurumun üzvləri arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (“TÜRK-İŞ”), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası və Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası yer alır.

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının əsas məqsədi üzv ölkələrin iqtisadi və sosial sahələrdə ümumi hədəflərə çatmalarının təmin edilməsi, həmkarlar ittifaqlarının hüquq və mənafelərinin qorunması və müdafiə edilməsidir. Təşkilat həmçinin üzv təşkilatların fəaliyyətinin koordinasiyasını həyata keçirir və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir.

Təşkilatın əsas idarəetmə orqanları Qurultay, Məclis və Nəzarət və Təftiş Komissiyasıdır. Qurultay hər 3 ildən bir çağırılır, Məclis ildə ən azı bir dəfə toplanır, Nəzarət və Təftiş Komissiyası isə 3 illik dövr üçün seçilir.

Təşkilatın rəhbərliyində prezident və vitse-prezidentlər yer alır. Hazırda qurumun prezidenti vəzifəsini Türkiyənin “TÜRK-İŞ” konfederasiyasının sədri Ergün Atalay, Fəxri prezident vəzifəsini isə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qüdrətülla Rafikov icra edirlər. Baş katib isə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalindir.  

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının mənzil-qərargahı Türkiyənin Ankara şəhərində yerləşir.

Müvafiq keçidlər: 

Beynəlxalq müqavilələr
Əməyin təhlükəsizliyi və sağlamlığı haqqında Konvensiya
Ödənişli tətillər haqqında Konvensiya
Ailə məsuliyyətləri olan işçilər haqqında Konvensiya