Sahib Əli oğlu Məmmədov
1978-ci ildə anadan olub.
2000-ci ildə Kiyev Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.
2001-2007-ci illərdə BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun “Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi” (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində “Regional iqtisadi inkişafın dəstəklənməsi” üzrə kursları (İrlandiya) bitirib.
2022-ci ildə Harvard Biznes Məktəbinin “Menecerlər üçün iqtisadiyyat” Sertifikat Proqramını bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.
2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.
2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində “Europe House”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.
2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayında AHİK-in sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.