Milli qürur günü

720

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün milli qürur gününü qeyd edir. Vətəninin ərazi bütövlüyü, xalqının bir qərinəlik həsrəti, bütövlüyümüz, birliyimiz üçün qanından, canından keçib, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın Anım günü, milli iradənin, milli ruhun, ləyaqətin təntənəsi günüdür. Bütün xalq ayaqdadır, şəhidlərimiz qürurla, fəxarətlə anılır. Bu, ölməz qəhrəmanların əziz xatirəsini hər zaman uca tutan Azərbaycan xalqının şəhid ruhlarına ali ehtiramının göstəricisidir. 27 Sentyabr həm də qüdrətli Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin, 30 illik işğala və ikiəsrlik tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı gündür. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı ətrafında sıx birləşib illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğu tarixdir.

“Dəmir yumruq” əməliyyatı niyə və necə başladı?

Tarixin bütün dövrlərində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olan Azərbaycan hətta əzəli torpaqları 30 ilə yaxın müddətdə işğal altında olsa belə fikrindən daşınmayıb. Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində yalnız sülh yolu ilə həll edilməsi üçün bütün imkanlara əl atan Azərbaycan dövləti hər zaman ikili standartlarla, təzyiqlərlə üz-üzə qalıb. Hətta qəbul etdiyi qərarlarının bir həftənin içərisində reallaşmasını təmin edən BMT Təhlükəsizlik Şurasının bu məsələdə acizlik nümayiş etdirməsi də beynəlxalq birliyin həm öz qərarlarına, həm də Azərbaycana necə laqeyd münasibət sərgilədiyinin göstəricisi idi. Amma zaman göstərdi ki, BMT Təhlükəsizlik Şurasının 28 il icrasını təmin etmədiyi 4 qətnaməsini Azərbaycan öz gücünə, özü də cəmi 44 günə həll etdi.  Qüdrətli Sərkərdə kimi bunu bir daha dünyaya nümayiş etdirən İlham Əliyev yaratdığı qüdrətli ordu ilə tarixi ədaləti bərpa edib, münaqişəyə son qoydu. Bu bir həqiqətdir ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan  status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. Bu azmış kimi dəfələrlə törətdikləri təxribatlar nəticəsində həm hərbçilərimiz, həm də dinc əhalimiz şəhid olurdu və ya ağır yaralanırdılar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə münaqişəni həll edəcəyik. Buna görə də dövlət başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Prezident İlham Əliyevin xüsusi nəzarəti və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan, ilk növbədə, ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparıldı. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.  Dövlət başçısı Ali Baş Komandan kimi ordumuzu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi. 2016-cı ilin aprel ayında Lələtəpə, 2018-ci ildə Günnüt döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı.

Aktiv hərbi əməliyyatların başlaması birdən-birə baş vermədi. 2019-cu ilin avqust ayından sonra keçmiş Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxardı. Hakimiyyətə gəldikdən sonra problemin həllinə dair danışıqlara zidd açıqlamalar verən, formatın dəyişdirilməsindən, prosesə separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini möhkəmləndirdikdən sonra verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət, ümumiyyətlə, danışıqların mahiyyətinə və məzmununa uyğun deyil.

Bunun ardınca “Qarabağ Ermənistandır” sərsəm bəyanatı, Azərbaycanın qarşısında qoyulan 7 şərt, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi qeyri-ciddi addımlar bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi. Paşinyanın sərxoş olub Şuşada yallı getməsi, qondarma rejimin andiçmə mərasiminin Şuşada keçirilməsi, habelə bu rejimin “parlamentinin” Şuşaya köçürülməsi göstərirdi ki, Ermənistan danışıqlar prosesində sadəcə imitasiya edir.

2020-ci il sentyabrın 27-də isə Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi – “dəmir yumruq” əməliyyatı başladı.

Həmin gün xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin təntənəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi.

Məhz bu dövrdə həm də Azərbaycana qarşı beynəlxalq təzyiqlər daha da gücləndi. Ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyev əsl diplomatik məharətini nümayiş etdirərək bir daha dünyaya səs saldı. Azərbaycan Prezidenti müharibə günlərində verdiyi müsahibələr kontekstində Ermənistana, onun havadarlarına və dünya erməniliyinə informasiya savaşında da qalib gəldi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

Amma bütün bunların fonunda Azərbaycana mənəvi dəstək verən ölkələr də konkret olaraq ortaya qətiyyətli mövqe qoydular. Qardaş Türkiyə və Pakistanın sərgilədiyi mövqeni xalqımız heç zaman unutmayacaq. Məhz bu dost ölkələrin Azərbaycana göstərdikləri mənəvi dəstəyin nəticəsi idi ki, Azərbaycanın hər yerində 3 dost ölkənin dövlət bayraqları birlikdə dalğalanırdı.

Azərbaycanın haqq savaşı və Ermənistanın hərbi kapitulyasiyası

Öz ərazi bütövlüyünün bərpası uğrunda haqq savaşına başlayan Azərbaycanın qüdrətli ordusu tarixi torpaqlarımızda XXI əsrin müasir döyüş taktikası ilə düşmənə elə zərbələr vurmağa başladı ki, erməni əsgəri silahını, bayrağını, şərəfini də qoyub qaçmaq məcburiyyətində qaldı. Bu uğurlu döyüşlər hər kəsdə ruh yüksəkliyi yaratdı.
Ali Baş Komandanın xalqa müraciətləri, əldə olunan döyüş nailiyyətləri ilə yanaşı, xalqımızı qarşıda gözləyən daha genişmiqyaslı hərbi zəfərlərin müjdəsi idi. Tək Azərbaycanda deyil, dünyanın dörd bir tərəfində milyonlarla həmvətənimizin sevinc gözyaşları, böyük qürur və inam hissi ilə dinlədikləri bu müraciətlər həm də yağı düşmənə sərt şapalaq, təcavüzkarların himayədarlarına isə xəbərdarlıq idi.

“Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlatdığı hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Suqovuşanda, Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Qubadlıda,  xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın, Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış məntəqəsi işğalçılardan təmizləndi.

Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Əgər 1992-ci ildə Azərbaycanda mərkəzi hakimiyyət güclü olsaydı, siyasi çəkişmələr baş verməsəydi, Şuşa heç vaxt işğal olunmazdı. Bu baxımdan Vətən müharibəsində Azərbaycan ictimaiyyəti Şuşanın azad edilməsini böyük səbirsizliklə gözləyirdi.

2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı.

Ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.

Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatan bu savaşın sonunda, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və  Ermənistanın baş naziri Nikol Paşinyan birgə Bəyanat imzalayırlar. Sənədə əsasən, bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Qarabağ münaqişəsi Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatdı, ATƏT-in Minsk qrupu, “status” iddiaları tarixin arxivinə göndərildi. Sənədə əsasən, 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonunun, noyabrın 20-dək Ağdam rayonunun, dekabrın 1-dək isə Laçın rayonunun Azərbaycana qaytarılması tələbi qoyuldu.
Noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Ermənistanın xahişi ilə noyabrın 15-də boşaldılmalı olan Kəlbəcər ayın 25-də şəhər də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı. Beləliklə, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü “dəmir yumruq” kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.
Məhz qalib Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Bu tarixi Qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə, məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, Müzəffər Xalq, Qalib Dövlət deməkdir.

Sülh prosesi, erməni təxribatı, “Qisas” və qətiyyətli cavab əməliyyatları

Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan regionda yeni reallıqlar yaratdı və Ermənistanı sülhə çağırdı. Lakin məğlub Ermənistan əvvəlcə Azərbaycan Prezidentinin sülh çağırışına razılıq versə də, bir müddətdən sonra yenə də əsl xislətini nümayiş etdirməklə müqaviləni imzalamaqdan boyun qaçırdığını göstərdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə üçtərəfli görüş təşkil edildi. Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin bağlanmasına razılığını versə də, ölkəsinə qayıdan kimi dövlət sərhədlərində təxribatların törədilməsi bir daha göstərdi ki, bu ölkə regionda sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Elə avqustun 3-də və sentyabrın 12-13-də baş verən erməni təxribatı da bir daha bunları təsdiqlədi. Belə ki, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli nətisəsində bir hərbi qulluqçumuz şəhid oldu. Buna cavab olaraq Azərbaycan Ordusu “Qisas” cavab əməliyyatı keçirdi və nəticədə Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Azərbaycan Ordusu tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun 80 hərbi qulluqçusu qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Qarşı tərəf isə bundan dəfələrlə artıq itki verdi. Bütün şəhidlərimiz baş tacımız, əbədi qürur mənbəyimizdir. Hər bir Azərbaycan oğlunun vəzifəsi Vətəni canı ilə, qanı ilə qorumaqdır. Buna görə də hamı lazım gələndə  səfərbər olur. Ermənistan mütəmadi olaraq təxribatlara əl atır, mövqelərimizi atəşə tutur. Azərbaycan Ordusu isə hər dəfə düşmənə layiqli cavab verir və hakim yüksəkliklərdə qərarlaşmaqla şəraitə nəzarət edir.
Prezident İlham Əliyev isə bütün çıxışlarında Ermənistana və onun havadarlarına xəbərdarlıq etməklə bu ölkəni sülhə dəvət edir. Sentyabrın 21-də Laçın şəhərində bayrağımızı ucaldan Ali Baş Komandan bir daha təxribatçılara səslənərək dedi ki, heç kim Azərbaycana təzyiq göstərə bilməz. Cənab İlham Əliyev dedi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabı veriləcək. Dövlət başçısı “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz” deyərək bir daha Ermənistana, onun havadarlarına çatdırdı ki, “dəmur yumruq” işə düşsə, Ermənistan daha da acınacaqlı duruma düşəcək.

Quruculuq və inkişaf, Heydər Əliyev Fondunun uğurlu missiyası

Ermənistanın istənilən təxribatına baxmayaraq, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işlərini davam etdirir. Artıq Zəngilanın Ağalı kəndinin sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıdışı ilə Böyük qayıdış planına start verilib. Bu gün Azərbaycan dövləti yalnız öz gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən qurur. Düşmənin darmadağın etdiyi bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin məlum olduğu kimi, bir neçə ay öncə dövlət büdcəsinin gəlir və xərcləri artırıldı. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldildi. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. Gələn ilin dövlət büdcəsindən isə bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması planlaşdırılır.

Ən vacibi odur ki, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru öz gücü, öz maliyyəsi hesabına bərpa edir. Bu baxımdan 2021-2022-ci illərdə bir sıra layihələrin icrasının başa çatdırılması, o cümlədən Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin bərpası,  azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşası, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsi Azərbaycanın iqtisadi gücünün ifadəsidir.

Bu prosesdə Heydər Əliyev Fondunun işğaldan qurtulmuş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Birinci vitse-prezident, fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub.

Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.

Vətən müharibəsinin başlanmasından ötən iki il uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. İki il öncə təsəvvür belə edə bilməzdik ki, cəmi bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək.

Şəhid ailələri və qazilərə dövlət qayğısı

Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Azərbaycan xalqı, dövlət tərəfindən şəhid ailələrinə, qazilərimizə dəstək və yardım göstərilir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı ordumuza maddi və mənəvi yardım göstəriblər. AHİK və üzv təşkilatları tərəfindən görülən tədbirlərə nəzər yetirsək, görərik ki, təşkilat müxtəlif dövrdə AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon 50 min 484 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 36 min 815 manat ianə edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə muxtar respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat, Qarabağ Dirçəliş Fonduna 1 milyon 217 min 650 manat vəsait, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 320 min 864 manat, “YAŞAT” Fonduna 667 min 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3 milyon 600 min 475 manatlıq birdəfəlik yardım göstərilib.
AHİK tərəfindən 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Sahə həmkarlar ittifaqları tərəfindən 2022-ci ilin 6 ayı ərzində şəhid və qazi ailələrinə 588 yollayış verilib. AHİK tərəfindən hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsait ayrılıb.

Bir sözlə, AHİK Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə durmadan əməl edərək üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə davam edir. Əldə etdiyimiz şanlı Zəfərin kökündə, əlbəttə ki, xalqımızın vahidliyi, birliyi dayanır. Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə səsləyib. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı