FHN-in qurumları arasında səmti müəyyənetmə idman növü üzrə çempionat keçirilib

615

7-9 sentyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyənetmə idman növü üzrə çempionat keçirilib.

Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunmuş çempionatda Nazirliyin müxtəlif qurumlarını təmsil edən 17 komandadan 80-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışda Nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Çempionatda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası birinci, Mülki müdafiə qoşunlarının komandası ikinci, Dövlət Yanğından Mühafizə  Xidmətinin komandası isə üçüncü yeri tutub. Bundan əlavə, qızlar arasında şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Sima Səfərova birinci, Kəmalə Qəhrəmanova  ikinci,  Mülki müdafiə qoşunlarının əməkdaşı Fəridə Hüseynzadə isə üçüncü yerə çıxıb. Kişilərin yarışında isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantı Rufulla Fətullayev birinci, Şimal-qərb Regional Mərkəzinin əməkdaşı Fərid Əhmədov ikinci, Şimal Regional Mərkəzinin əməkdaşı Erkin Mədətov üçüncü yerə layiq görülüb.

Yarışın final mərhələsində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, yarışın əhəmiyyətindən, eyni zamanda FHN əməkdaşlarının idman uğurlarından danışıb, qalibləri təbrik ediblər.

Sonda çempionatın qaliblərinə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.