ATİAHİ RK-nın nümayəndələri beynəlxalq simpoziumda iştirak edib

454

Sentyabrın 1-3-də İstanbulda Egitim-Bir-Sen və Məmur-Senin təşkilatçılığı ilə “Böhran vəziyyətində təhsilin və əməyin gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi (RK) sədrinin müavini Mirzə Cəfərzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

52 ölkədən yüzdən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ümumdünya iqtisadi böhran, pandemiya, iqlim dəyişikliyi, qida çatışmazlığı, münaqişələr şəraitində təhsilin və əməyin bugünkü vəziyyəti və gələcəyi müzakirə olunub.

Simpoziumu giriş sözü ilə açan Egitim-Bir-Sen və Məmur-Senin sədri Əli Yalçın deyib ki, Neo-kapitalizmin gətirdiyi labüd diferensiallıq təhsil sistemini də öz cənginə almışdır: “Dünya əhalisinin çox az  bir qismi sürətlə varlandığı və böyük sərvətlər əldə etdiyi halda, böyük bir qismi sürətlə yoxsulluğa sürüklənir. Çox təəssüf ki, belə bir vəziyyətdə keyfiyyətli təhsil hər kəs üçün əlçatan olmur. Biz, həmkarlar ittifaqı təşkilatları olaraq, dünyada həm təhsilin, həm də  əmək bazarının vəziyyətini çox aydın şəkildə görürük və milli hökumətləri,  beynəlxaq təşkilatları buna qarşı ciddi mübarizə aparmağa çağırırıq”.

Türkiyə Maarif Fondunun sədri, professor Birol Akgün çıxışında bildirib ki, bu gün çox böyük iqtisadi və siyasi böhranlar, epidemiyalar, müharibələr, köçlər, iqlim fəlakətləri, sosial sarsıntılar yaşayırıq: “Çox təəssüf ki, bəzi neo-kapitalist qüvvələr real vəziyyəti manipulyasiya edərək başqa istiqamətə yönəltmək istəyir. İnanıram ki, burda iştirak edən həmkarlar ittifaqı nümayəndələri də bunun fərqindədir”.

Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış Egitim-Bir-Sen və Məmur-Sen 450 mindən artıq ittifaq üzvünü özündə birləşdirir.

Simpoziumda çıxış edən M.Cəfərzadə ATİAHİ RK-nın və AHİK-in sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda qloballaşan dünyanın tələblərinə uyğun olaraq təhsil sahəsində mütərəqqi addımlar atılır, vaxtaşırı səmərəli islahatlar həyata keçirilir.

Simpozium panel iclasları ilə öz işini davam etdirib. Respublika Komitəsi nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib.