Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi taxıl biçinində fərqlənən fermer və mexanizatorları təltif ediblər

1288

Kənd Təsərrüfatı Nazirliyinin və Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı Komitəsinin təşəbbüsü ilə ölkənin ən böyük taxılçılıq rayonu olan Şəkidə “Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda  bölgə müşavirəsi keçirilib. Müşavirədə nazirlik Aparatının, tabeli qurumların, elmi-tədqiqat institutlarının nümayəndələri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300-ə yaxın fermer iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının bütün sahələri kimi taxılçılığın da inkişafına xüsusi diqqət yetirilir. Taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri genişləndirilir, məhsuldarlığın artırılması, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür.

Müşavirədə torpaq-iqlim xüsusiyyətləri nəzərə  alınmaqla əkin sahələrinin vaxtında  şumlanması, torpaqda olan nəmliyin maksimum dərəcədə qorunması, düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında və düzgün aparılması, payızlıq əkin bəyanlarının dekabrın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov əməkçilərin hüquqlarının müdafiəsində, sosial vəziyyətlərinin yaxşılaşdırılmasında, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkilində bundan sonra da həmkarlar təşkilatının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyini bildirib. Çıxış edənlər fermerlərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra 2021-2022-ci il taxıl mövsümündə yüksək məhsuldarlıq əldə edən,  biçin prosesində fərqlənən fermer və mexanizatorlar diplomlarla təltif olunublar.