AHİK-in Türkiyənin həmkarlar təşkilatları ilə əlaqələri dərinləşir

728

İyulun 2-3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİHİ RK) sədri Hikmət Osmanov və Komitənin baş texniki əmək müfəttişi Rauf İbrahimli Türkiyənin Ankara şəhərində bu ölkənin KOOP-İŞ Həmkarlar İttifaqının 20-ci Qurultayında iştirak edib.

Qurultayda çıxış edən H.Osmanov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, AHİK 20 ilə yaxındır ki, Türkiyəli həmkarları ilə dostluq və tərəfdaşlıq edir. İki qardaş ölkənin həmkarlar ittifaqı komitələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin davam etirilməsinin vacibliyini vurğulayan H.Osmanov AHİK-in ötən dövrlərdə, o cümlədən pandemiya və 44 günlük Vətən müharibəsi şəraitində keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Sonra komitə sədri 30 ilə yaxın bir dövrdə Azərbaycanın əbədi və əzəli torpaqlarının erməni işğalı altında qaldığını xatırlatdı: “Uzun illər Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək səyləri heç bir nəticə vermədi. Növbəti erməni hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan yenilməz Azərbaycan Ordusu cəmi 44 günə işğalçı ordunu məhv etdi. Yeri gəlmişkən qeyd edim ki, torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyə xalqı dualarını əskik etmədi. Buna görə Sizlərə sonsuz təşəkkürlərimizi ifadə edirik”.

Şuşa Bəyannaməsindən söz açan Respublika Komitəsinin sədri H.Osmanıov qeyd edib ki, müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır: “Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Burada xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Çıxışının sonunda H.Osmanov dostluq simvolu olan Nuri Paşanın portretini KOOP-İŞ sendikasının genel başkanı Eyup Alemdara təqdim edib və qurultayın işinə uğurlar arzulayıb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi