AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib

672

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakıda keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunun iştirakçılarını qəbul edib. Görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar iştirak ediblər.

S.Möhbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Onun sözlərinə görə, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

Dövlətimizin təhsil siyasətindən bəhs edən AHİK sədri qeyd edib ki, hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, bu sahədə əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür.

S.Möhbalıyev UAESEB-nin fəaliyyətini yüksək qiymətləndirib və qurumun Türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrinin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində xidmətlərindən bəhs edib.

Səmimi qəbula görə təşəkkür edən UAESEB-nin və Türk Egitim-Senin sədri Talip Geylan Azərbaycanda olmağından, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O həmçinin ötən gün baş tutan UAESEB-nin XIV Forumunu və qəbul olunan Yekun Bəyanatı yüksək dəyərləndirib, bunun Türkdilli ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.