“TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir

701

“Ölkəmizdə öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan “TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox böyük idi, demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər bura axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı. Festival çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə bura qatılması, özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühütdə rəqabət aparmaq kimi mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki, yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. “TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının möhtəşəm hava şousu idi ki, çətin manevrlərin öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətə gətirirdilər”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 2018-ci ildən keçirilməyə başlayan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ildən-ilə nüfuzu artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “İlk olaraq Türkiyədən kənarda “TEKNOFEST”in Azərbaycanda təşkil olunması iki ölkə arasında olan qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib, şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının bolşevik işğalından azad edilməsi zamanı türkiyəli qardaşlarımız bizim köməyimizə yetişdi, şəhəri birlikdə azad etdilər, bu yolda şəhidlər verdilər. Bu, bizim qardaşlığımız üçün ən gözəl nümunə və örnəkdir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yenə də qardaşlarımız yanımızda oldular, bizə mənəvi-siyasi dəstək göstərdilər. Bu dəstək xalqımızın qələbəyə olan inamını xeyli artırdı”.

“Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət başçılarının birliyi və həmrəyliyi, bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. İmzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, müttəfiqliyin geostrateji əhəmiyyətini yüksəldir. İnanırıq ki, bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq. Babalarımızın bizə miras qoyduğu bu birlik gələcək nəsillərimiz tərəfindən də davam etdiriləcək”, – Milli Məclisin deputatı deyib.