Zəngilanda inşa ediləcək İşğal və Zəfər muzeylərinin əhəmiyyəti çox böyükdür

841

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin mühüm tərəflərindən birini bütün ölkə ərazisində quruculuq işlərinin aparılması təşkil edib. Davamlı olaraq ölkəmizdə nəhəng infrastruktur layihələri icra olunur, yeni yollar çəkilir, məktəb binaları, səhiyə ocaqları və s. tikilir. Bu işlərin davamı bu gün işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda uğurla həyata keçirilir. Demək olar ki, hər şey yenidən qurulur. Bilirik ki, 30 il işğalçılar həmin ərazilərdə nə qədər talançılıqla məşğul olublar. Demək olar ki, hər şey məhv edilib, hətta təbiət, ekologiya belə onlardan ziyan çəkib. Bütün dünya bu barbarlığa şahiddir. Məlumdur ki, bu gün həmin ərazilərdə hər şey yenidən qurulur, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır. Təbii ki, bu da böyük zəhmət, güc və zaman tələb edir. Buna baxmayaraq, bu işlərin öhdəsindən Azərbaycan özü, təkbaşına gəlir ki, bu da dövlətimizin gücünü və qüdrətin göstərir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağda bütün işlər sistemli şəkildə plana uyğun olaraq aparılır və həmin işlərin keyfiyyətinə söz ola bilməz: ”Ona görə ki, bütün proses dövlətimizin başçısının şəxsən nəzarəti altındadır, təməlqoyma mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, açılışlar edir və bu, mütəmadi xarakter alıb. Prezidentin hər səfərində biz bunun şahidi oluruq. Həm də icra olunan işlər dünyanın tikinti sahəsində tanınmış, təcrübəli şirkətlər tərəfindən həyata keçirilir. Bu da həmin işlərin keyfiyyətini artıran amillər sırasındadır. Mayın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldular, Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. Bu, onu göstərir ki, həmin ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir, əsas hədəf sakinlərin ən tez zamanda öz yurdlarına qayıtmasıdır”.

“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə və dünyada humanitar sahədə gördüyü işlər göz qabağındadır, Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rola malikdir. Onlarca dini abidə, məscid və ziyarətgah bərpa edilərək xalqımızın ixtiyarına verilib. Ənənəsinə sadiq qalaraq Fond işğaldan azad edilmiş ərazilərdə dini abidələrimizin, məscidlərimizin restavrasiyası işini uğurla davam etdirir. Bunlardan biri də Zəngilan məscididir ki, orada da fasiləsiz olaraq iş aparılır”, – Milli Məclisin deputatı deyib.
AHİK sədri İşğal və Zəfər muzeyləri kompleksinin yaradılmasının əhəmiyyətinə də diqqət çəkib: “İşğal Muzeyi düşmənin vandal əməllərinin nümayişi olacaq ki, bunu həm indiki, həm də gələcək nəsillərin bilməsi çox vacibdirdir. Muzeyin gələcək ziyarətçilərinə hər şey əyani şəkildə məlum olacaq. Həmçinin Zəfər Muzeyi xalqımızın, yenilməz Ordumuzun şərəflə icra etdiyi tarixi missiyanın əzəmətini gələcək nəsillərə daşıyacaq, onların daha vətənpərvər ruhda yetişməsində, dövlətə sədaqətli olmalarında əhəmiyyətli rol oynayacaq”.