Brüssel görüşü Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyətidir

732

“Mayın 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Görüşdə müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar bir daha təsdiqləyir ki, bütün proses Azərbaycanın müəllifi olduğu reallıqlar üzərində qurulub, qalib ölkə olaraq dövlətimizin mənafeyini tam əks etdirir. Bundan əvvəlki üçtərəfli görüşlərdə olduğu kimi, sonuncu təmasda da sülh və əməkdaşlıq naminə Azərbaycan irəli sürdüyü təkliflər dəyişməz olaraq qalır, çünki bu, özündə beynəlxalq hüququn prinsiplərini ehtiva edir”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan qalib ölkədir, münaqişə başa çatıb, ortada nəticələr var və bu nəticələrlə barışmaq lazımdır: “Ermənistanda separatçıların səsləndirdiyi bəzi fikirlər artıq müzakirə mövzusu deyil, yeni reallıqlar fonunda həmin məsələlərin gündəmə gətirilməsi sadəcə gülüş doğura bilər. Brüssel görüşləri də bir daha təsdiqləyir ki, nə “Dağlıq Qarabağ” ifadəsi var, nə də status. Münaqişədən sonra həmin məsələlərin hara yuvarlandığı bəllidir. Bu gün sülh danışıqlarına mane olmağa çalışan separatçıların Ermənistanda hamının gülüşünə səbəb olan etirazlarını görürük. Onlar, mən açıq deyirəm, başıpozuqcasına öz ölkələrini məhvə sürükləyirlər. Başa düşmürlər ki, onlar heç vaxt mümkün və mövcud omayacaq nələrəsə nail olmağa çalışırlar, keçmiş xəyallarından əl çəkə bilmirlər. Anlamırlar ki, onların qarşısında hamının qəbul etdiyi regionun lider dövləti Azərbaycan var ki, bütün dövlətlər onunla əməkdaşlıqdan çox məmnudur və etibarlı tərəfdaş kimi həmişə təqdir olunur. Həm də başa düşmürlər ki, Ermənistanın xilası yalnız və yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Çünkü Azərbaycanın əsas niyyəti bölgədə sülh və təhlükəsizlik, sabitlik və əmin-amanlığa nail olmaqdır”.

“Sonuncu Brüssel görüşündə hümanitar məsələlərin, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi ilə bağlı məsələlərin müzakirəsini, təbii ki, vacib məqamlardan biri hesab edirəm. Məlumdur ki, işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda abadlıq-quruculuq işləri aparılır. Artıq bir sıra layihələr yekunlaşıb, açılışları edilib, digər işlər də yaxın gələcəkdə yekunlaşacaq. Sakinlərin öz ata-baba yurdlarına qayıtmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Sözsüz ki, mina məsələsi bu prosesin daha sürətlə getməsinə əngəllər törədir, indiyə kimi onlarla dinc sakin mina partlamasının qurbanı olub. Bu xüsusda mina məsələsinə toxunulması çox önəmlidir. Görüşdə həmçinin sərhəd məsələləri ilə bağlı komissiyaların birgə iclasının keçirilməsi, dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib və müəyyən razılaşmalar da var. Bütün bu məsələlər yuxarıda qeyd etdiyim kimi, ölkəmizin maraqlarına tam cavab verir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin növbəti diplomatik nailiyyətidir”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə də toxunub. Bildirib ki, ümumiyyətlə, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmaqdadır, qlobal təşəbbüsləri dünya dövlətləri tərəfindən dəstəklənir və etibarlı tərəfdaş olaraq tanınır: “Avropa İttifaqı ilə də ölkəmizin əlaqələri yüksək səviyyədədir və genişlənməkdə davam edir. Xüsusən energetika sahəsində əməkdaşlığımız inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir”.