Metropolitendə Şəhid Ailələri və Müharibə Veteranlarına Yardım Mərkəzi yaradılıb

605

Bakı metropoliteni ərazilərimizin müdafiəsi, işğal altında olan torpaqlarımızın düşməndən azad olunması uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza səlahiyyətləri çərçivəsində hər cür dəstəyi verir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı ilə yanaşır.

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) tərəfindən şəhid ailələri və müharibə veteranlarının sosial rifahının müntəzəm nəzarətdə saxlanılması, müraciətlərinə daha operativ və şəffaf şəkildə baxılması məqsədilə Metropolitendə Şəhid Ailələri və Müharibə Veteranlarına Yardım Mərkəzi yaradılıb.

Mərkəzin Əsasnaməsinin layihəsinin müzakirəsi və təsdiq edilməsi, həmçinin İdarı Heyətinin seçilməsi üçün metropolitendə çalışan şəhid ailələrinin üzvləri, həmçinin müharibə veteranlarının iştirakı ilə (337 nəfər) tədbir keçirilib.

Tədbirdə çıxış edən MİHİ sədri Arif Mərdanov Mərkəzin yaradılmasının məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, Mərkəz müharibə iştirakçıları və şəhid ailələrinin üzvlərinə daha həssas diqqət üçün mühüm layihədir.

QSC sədrinin müavini Hidayət Məmmədov mövcud imkanlar nəzərə alınaraq, diqqətin daha, operativ və vacib məsələlərə yönəldilməsində Mərkəzin əhəmiyyətli olacağına əminliyini bildirib.

Əsasnamə ilə bağlı müzakirələrdən sonra 5 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib.

Qeyd edək ki, Əsasnaməyə görə, İdarə Heyətinə toplantıda tam şəffaf şəkildə seçilən 5 nəfərlə yanaşı, QSC sədrinin müavini Hidayət Məmmədov və MİHİ sədri Arif Mərdanov da daxildir. Onlar iki ayda bir dəfədən az olmayaraq toplaşmaqla daxil olmuş müraciətələrə baxmalı və qərar verməlidirlər. Müəssisədə çalışan şəhid ailələrinin üzvləri və vetranlar il ərzində bir dəfə tam tərkibdə toplaşaraq İdarə Heyətinin hesabatını dinləməli və qiymətləndirməlidirlər.

Mərkəzin əsas maliyyə mənbəyi QSC və MİHİ-nin ayırdığı vəsaitdir. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər bir kəs könüllü olaraq maliyyə vəsaiti köçürə bilər və qanunla qadağan edilməyən digər köçürmələr də mümkündür.

Daha sonra çıxış edən şəhid ailələrinin üzvləri, veteranlar təklif və tövsiyələrini səsləndiriblər. Həmçinin iştirakçıları maraqlandıran digər məslələr ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, parlaq Zəfərlə başa çatan Vətən müharibəsinin 24 qazisi və şəhid ailəsinin üzvü metropolitendə işlə təmin olunub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi