Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilib

657
4-10 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə DYMX-nin mərkəzi aparatı, Bakı və Sumqayıt qarnizonlarının idarə, dəstə və hissələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilib.
Xidmətin idman bazasında təşkil edilən çempionatda 20 komanda iştirak edib.
Keçirilmiş final oyunundan sonra mini-futbol üzrə çempionat qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nın məsul şəxsləri iştirak ediblər.
Mərasimdə çıxış edən Mehman İsmayılov yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. M.İsmayılov qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mühüm tərkib hissələrindən biri də gənclərə və idmana dövlət qayğısının daim göstərilməsidir. Çıxışın sonunda Mehman İsmayılov qalib komandaları təbrik edərək, onlara uğurlar arzulayıb.
Keçirilən birincilikdə DYMX-nin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komandası 1-ci, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin komandası 2-ci və Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə FHN işçilərinin Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.