“İlin peşəkar gənci” adına layiq görülmüş gənclər mükafatlandırılıb

1202

Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, gənclər cəmiyyətin əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla hər bir dövlətin gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayıb: “Ölkəmizdə də onların rolu həmişə yüksək qiymətləndirilib, perspektivli fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Ulu Öndər Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil respublikamızın prezidenti olarkən gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu”.

S.Möhbalıyev qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası onların potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. Dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında gənclərin  fəaliyyəti təmin olunur, yaradıcı potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir. Parlaq Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətənin müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı cəmi 44 günə azad etdi, hər biri işğalçı düşmənə qarşı rəşadətlə döyüşdü. Vətən müharibəsi göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar”.

Konfederasiya sədri deyib ki, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində hər zaman fəal dəstək verir: “Həmkarlar ittifaqı üzvlərinin 22,2 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və digər qərar və sənədlər qəbul edib ki, onlar da uğurla həyata keçirilib”.

“AHİK-in dəstəyi ilə hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün “Adlı təqaüd”lər təsis edilir və onlara mükafatlar təqdim olunur. Artıq 20 ildən çoxdur ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən mədəni-maarif hamiliyinə götürdüyü Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir, qaliblərə AHİK-in diplomu və qiymətli hədiyyələri verilir. Eyni zamanda təhsil ilinin yekunlarına görə yüksək nəticələr qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqlarının pul mükafatları ilə də təltif edilirlər. Bu günə kimi tərəfimizdən 2 mindən çox kursant AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb”, – S.Möhbalıyev vurğulayıb.

Sonra 2021-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Mükafatlandırılan gənclərin 38 nəfəri kişi,  21 nəfəri isə qadındır və onlar ən azı 3 il və daha çox əmək stajına malikdirlər. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.

Tədbirdə çıxış edən gənclər onlara hər zaman göstərilən dövlət qayğısından danışıblar, buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Qeyd ediblər ki, Azərbaycan həmkarlar ittifaqları da öz dəstəyini gənclərdən heç vaxt əsirgəmir, daim onları diqqətdə saxlayır, fəaliyyətlərini yüksək qiymətləndirir.

Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirirılməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi