Şəhid ailələri ziyarət olunub

601

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları hər zaman şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, həmçinin aztəminatlı ailələrə dəstək olur, bayramlarda, əlamətdar günlərdə onlara baş çəkir, maddi-mənəvi dəstək göstərirlər.

Ənənənin davamı olaraq Ramazan bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri Fuad Məmmədov, KTN Aqrar Xidmətlər Agentliyinin Həmkarlar Təşkilatının (AXAHT) sədri Babək Əliyev və digər şəxslər Vətən müharibəsində şəhid olmuş Nazirliyin keçmiş əməkdaşı Kamran Hüseynovun ailəsini ziyarət ediblər.

Görüşdə Komitənin sədri F.Məmmədov 44 günlük Vətən müharibəsində Ordumuzun Zəfər yolunun hər bir addımının qəhrəmanlıq dastanı olduğunu və bunu şanlı tariximizin parlaq səhifəsi adlandırıb. Qeyd edib ki, xalqımız Kamran kimi qəhrəman oğullarımızı heç zaman unutmayacaq, onların əziz xatirəsini daim qəlbində yaşadacaq.

Şəhidin valideynləri Kamranla bağlı xatirələrini bölüşüblər və göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.

Bundan başqa, aprelin 29-da KTN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Saatlı rayonundan olan 36 şəhid ailəsinə baş çəkib, onların qayğıları ilə maraqlanıb və bayram sovqatı təqdim ediblər.

Həmçinin aprelin 30-da KTN BHİK-nın nümayəndələri Kürdəmir rayonunda azyaşlı övladları olan 11 şəhid ailəsini ziyarət edib, maddi-mənəvi dəstək olublar.