Xilaskar LİDER

570

Müasir parlaq tariximiz məhz xalqımızın müstəqil, müdrik seçiminin məhsuludur. Arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu möhtəşəm tarixi bizə yaşadan isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevdir.

Ölkəyə rəhbərlik etdiyi son 19 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə daxildə deyil, beynəlxalq aləmdə də böyük hörmət, nüfuz qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nahayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırıb.

Dörd il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi də məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bu günədək baş verən proseslər bu seçimin nə dərəcədə doğru olduğunu isbatladı.

Xalqın mütləq əksəriyyətinin seçimi

Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq Prezident seçildi. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü  beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Hər zaman sözü ilə əməli, işi bir olan dövlət başçısı aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün imkanları səfərbər edəcək: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Ötən 4 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında olduqca böyük tarixi hadisələr baş verib, mühüm proseslər yaşanıb. Bu baxımdan son 4 ili Azərbaycan üçün böyük tarixi mərhələ kimi dəyərləndirmək olar.

Mütərəqqi islahatlaryeni inkişaf strategiyasının yol xəritəsi

Son 4 il Prezidentin özü üçün də, Azərbaycan xalqı üçün də böyük sınaq və uğur mərhələsi kimi də səciyyələndirilə bilər. Ötən 4 ildə cənab İlham Əliyevin uğurları, nailiyyətləri əsasən 4 mühüm mərhələdə reallaşıb:

– Siyasi və iqtisadi uğurların əldə edilməsini şərtləndirən mütərəqqi islahatlar;

– Qlobal pandemiyaya qarşı səmərəli mübarizənin təşkili;

– Vətən müharibəsindəki Şanlı Zəfərlə torpaqlarımızın işğaldan azad edilməsi;

– Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq, yenidənqurma işlərinin başlanması.

Son 4 ildə əvvəlki dövrdə olduğu kimi, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Ölkədə dayanıqlı inkişaf, sabitlik və əmin-amanlıq təmin olundu, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi. Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artdı. Minimum pensiyada 2,2 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə  3 dəfədən çox artım baş verdi.

2018-ci il prezident seçkisindən sonra cənab İlham Əliyevin ilk imzaladığı fərman şəhid ailələrinin sosial məsələlərinin həlli istiqamətində oldu. Bu sənədə əsasən 12 min şəhidin 18 mindən çox vərəsəsinə dövlət tərəfindən 11 min manat vəsait ödənildi.

Ümumiyyətlə, Prezidentin mütəmadi olaraq paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verdiyi qərarlar xalqın cənab İlham Əliyevə olan inamını daha da artırdı. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil etdi.

İqtisadi islahatlarla yanaşı reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı.

Həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldı. Növbədənkənar parlament seçkiləri də bu islahatların tərkib hissəsi oldu.

2019-cu ilin əvvəlindən başlayaraq İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi islahatlar aparıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi.

Fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənən, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı davam etdirən Prezident İlham Əliyev son 4 ildə də ənənəsinə sadiq qalaraq əfv sərəncamları və amnistiya aktları imzalamaqla minlərlə ailəyə sevinc payı bəxş etdi. Vətən müharibəsində böyük qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər amnistiyasını da Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü adlandıra bilərik. İcrası bu il martın 5-də başa çatan amnistiya aktı ümumilikdə 15 min 450 nəfərə şamil edildi. Onlardan 8626 nəfər cəzadan tam azad edildi, 6490 nəfərin cəza müddəti azaldıldı.

Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təmini istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi.

Bütün bu islahatlar əlbəttə ki, beynəlxalq səviyyədə təqdir edildi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar ölkəmizin yeni rekordlara imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.

Qlobal pandemiya ilə mübarizədə nümunəvi ölkə

2020-ci il dünyada baş verən qlobal pandemiyanın demək olar ki, bütün ölkələrə yayılması, daha çox yoluxma və insan ölümünə səbəb olması ilə yadda qaldı. Müxtəlif ölkələrdə virusa qarşı peyvəndin yaradılması üzrə işlər əsasən məhz bu dövrə təsadüf etdi. Ötən iki il ərzində dünya ölkələri koronavirusla mübarizəyə kökləndi. Bu dövrün reallıqlarından biri ondan ibarət oldu ki, problemə laqeyd yanaşan, virusun təhlükəli olmadığını düşünən ölkələrdə daha ciddi fəsadlar baş verdi. Xəstəlik dünyanın bir hissəsi olan Azərbaycandan da yan ötmədi. Lakin infeksiyanın aşkarlandığı ilk gündən ölkəmizdə təxirəsalınmaz addımlar atıldı.

Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” və daha geniş əhatəli Tədbirlər Planı təsdiq edildi. 2020-ci il martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan artıq vəsait toplandı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva birillik  əməkhaqlarını fonda ianə etdilər.

COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün 46 xəstəxana müəyyən edildi. Hansı ki, bu xəstəxanalın 41-i 2004-cü ildən sonra inşa olunub. 11 modul tipli xəstəxana istifadəyə verildi. Bu, virusa yoluxanların effektiv müalicə almasında böyük rol oynadı. Daha bir neçə  modul tipli xəstəxananın tikintisi nəzərdə tutulsa da, virusun yayılmasına qarşı keçirilən effektiv mübarizə tədbirlərinin nəticəsində onlara ehtiyac olmadı.

Prezident İlham Əliyev 2020-ci il martın 28-də Bakıda “Yeni klinika”nın, iyulun 6-da isə FHN-nin modul tipli hospitalının açılışını etdi.

Prezidentin sərəncamı ilə yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad edildi.

Ən mühüm addımlardan biri də o oldu ki, ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı. 2020-ci il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açıldı.

Dövlət başçısnın fərman və sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq bütün dünyada nadir nümunələrdən biri kimi respublikamızda pandemiya dövründə geniş sosial proqramlar həyata keçirildi. Müstəqillik tarixinin ən böyük sosial paketi qəbul olundu. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olundu.

Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə başlayan ilk ölkə olaraq, bu sahədə əhəmiyyətli addımlar atdı. Ölkədə 2021-ci il yanvarın 18-dən başlayan koronavirusa qarşı vaksinasiya dövlət hesabına aparılır.

Pandemiya ilə mübarizədə qlobal həmrəyliyə nail olunmasının vacibliyi ilk gündən meydana çıxan çağırış idi. Bu çağırışı ilk dəyərləndirən Prezident İlham Əliyev oldu. Məhz cənab İlham Əliyev koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin əldə olunması üçün təşəbbüslərlə çıxış etdi. 2020-ci ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşüünün keçirilməsi bu istiqamətdə baş tutan ilk beynəlxalq tədbir idi.

Azərbaycan Prezidenti ortaya qoyduğu məqsədyönlü mövqeyi, prinsipial yanaşmanı daha bir qlobal təşəbbüslə davam etdirdi. Türk Şurasının Zirvə görüşündən sonra Azərbaycanın təşkilatçılığı ilə koronavirusla mübarizə üzrə növbəti beynəlxalq tədbir baş tutdu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi ilə qəbul edildi.

BMT-yə üzv olan 126 dövlət qətnaməyə həmmüəllif qismində qoşuldu. Qətnamənin qəbulu Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal təşəbbüslərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi idi.

Peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdi ki, onun da yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım oldu.

Qələbəyə aparan yol, hücum diplomatiyası və Baş Sərkərdənin tarixi zəfəri

Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyası erməni lobbisinin xaricdəki gücünü sındırdı, əsl sərkərdəlik qabiliyyəti isə Qarabağda “keçilməz”, “dağılmaz” dedikləri müdafiə istehkamları ilə bağlı mifi darmadağın etdi.

Öncə Azərbaycanın dövlət başçısı siyasi meydanda möhtəşəm uğurlar qazandı. Ermənistanın baş naziri Nikol Paşinyanı siyasi dialoqlarda mat vəziyyətində qoydu. Dünya Dağlıq Qarabağ probleminin mahiyyətinə varmağa başladı, Azərbaycan haqqında həqiqətlərə diqqət kəsildi. Bütün beynəlxalq tribunalardan, ali kürsülərdən dünyaya səslənən Azərbaycan Prezidenti Ermənistanın işğalçı dövlət olduğunu isbatladı.  Beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişməyə başladı.

Cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycanda dünyanın 50 ən güclü ordusundan birini qurdu və bu ordu işğalçıların təxribatlarına qarşı əks-hücum həmlələri ilə müəyyən vaxtlarda düşmənə öz gücünü göstərdi.

Ən nəhayət, cənab İlham Əliyev Ali Baş Komandan kimi xalqa verdiyi vədi gerçəkləşdirdi. Hansı ki, 4 il öncə andiçmə mərasimində söyləmişdi ki, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmayacaq və torpaqlarımız düşmən tapdağından azad ediləcək. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi düşmənə tarixinin ən ağır zərbəsini vurdu. Düzdür, bu savaş zamanı Azərbaycana böyük təzyiqlər də göstərildi. Ancaq qətiyyətli siyasi iradə nümayiş etdirən cənab İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün müddətində Ermənistanı diz çökdürüb hərbi kapitulyasiyaya məcbur etdi. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Ali Baş Komandan Qalib Sərkərdə kimi noyabrın 16-da Qarabağa səfər etdi. Həmin an tarixi gün idi. O gün Prezident İlham Əliyev savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri çığırları Zəfər yolu adlandırdı və Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini qoydu.

2012-ci il yanvarın 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu, Zəfər yolu ilə Şuşaya Qalib Sərkərdə kimi ayaq basdı və qədim qalamızdan düşmənə gözdağı verdi: “Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.

Bu, təkcə Ermənistana deyil, bütün dünyaya mesaj idi. Azərbaycan Prezidenti bəşəriyyətə səslənərək dedi ki, düşmənin 30 ilə daşı daş üstündə qoymadığı şəhər və kəndlərimizi qısa zamanda öz gücümüzə bərpa edəcəyik.

Beləliklə, İkinci Qarabağ müharibəsi böyük zəfərimizlə bitdi. Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bu şanlı qələbədən sonra regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

Müharibə dövründə Prezident İlham Əliyev bütün cəbhələrdə öndə idi və diplomatik məharəti ilə hətta informasiya cəbhəsində apardığı mübarizədən qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi cavablarla Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 40-a yaxın xarici KİV-ə müsahibə verən dövlət başçısı Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırmağı bacardı. Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi.

Bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı.

Vətən müharibəsində qazandığımız qələbə İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi. Bu zəfərlə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran Ali Baş Komandana ümumxalq sevgisi daha da artdı.

Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri

Bu zəfərdən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi. Hansı ki, son 28 ildə şəhərlərimizin, kəndlərimizin daşı daş üstündə qalmayıb, darmadağın edilərək sanki torpaq üzərindən silinib. Bəşəriyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb.

Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı.

Hava limanları, dəmir və avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar, yaşayış məskənləri və Zəngəzur dəhlizinin açılması istiqamətində başlanan işlər getdikcə geniş vüsət aldı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır. Cənab İlham Əliyev mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur.

Artıq vətəndaşlarımız marşrut avtobusları ilə Şuşaya, Ağdama səfərlər edirlər. Füzuli hava limanı Qarabağın ilk hava qapısı kimi vətəndaşların xidmətindədir. Bu ərazilərdə 16 avtomobil yolunun inşası davam edir və tezliklə bütün istiqamətlərə yeni asfalt yollarla hərəkət başlayacaq. Bütün bunlarını baş memarı əlbəttə ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyevdir. 

Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin “Qarabağı yenidən cənnətməkana çevirəcəyik” fikri tezliklə reallaşacaq və dünya bir daha ölkəmizin iqtisadi qüdrətinin şahidi olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin qətiyyəti, yüksək siyasi iradəsi sayəsində həyata keçirilən ardıcıl islahatlar ölkəmizi gücləndirir, insanların rifah halını yüksəldir, dövləti, dövlət məmurlarını xalqa daha da yaxınlaşdırıb, doğmalaşdırır.

Sülh danışıqları prosesini Qalib Komandan idarə edir

Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə yaratdığı dəyişməz reallıqlar bu gün bütün tərəflərin maraqlarına cavab verir. Bunu beynəlxalq təşkilatların, həmçinin prosesə münasibət bildirən dövlətlərin davranışları da sübut edir. Reallıq isə ondan ibarətdir ki, işğala son qoyulmaqla region Ermənistanın yaratdığı bataqlıqdan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub. Bu, bütövlükdə region ölkələrinin siyasi-iqtisadi maraqlarına tam cavab verir.

Postmüharibə dövründə aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Bu istiqamətdə aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə, Ermənistanın baş naziri Nikol Paşinyanla ikinci görüşünü və əldə olunmuş nəticələri əhəmiyyətli irəliləyiş kimi qiymətləndirmək olar. Bunu həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi dəyərləndirmək lazımdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması, bu istiqamətdə işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 təklif və bunun əsasında predmetli danışıqların aparılması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli işlərdir. Delimitasiya prosesinə başlanılması məsələsi müharibə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü ilk təkliflərdəndir və son danışıqlarda bu barədə razılığın əldə olunması çox əhəmiyyətlidir.

Beləliklə, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 təklifin əsasında aparılır. Bu təklifdəki əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Məhz bu səbəbdən də Brüsseldə keçirilən ikinci görüş Prezident İlham Əliyevin siyasi diplomatiyasının növbəti uğuru hesab olunmalıdır. Çünki görüşdə tərəflərin, konkret olaraq Ermənistanın üzərinə götürdüyü öhdəlik elə Azərbaycanın iradəsinin reallaşması deməkdir. Bütün bunlar onu deməyə əsas verir ki, həm məğlub Ermənistan, həm də vasitəçilik edən beynəlxalq təşkilatlar Azəbaycan Prezidentinin siyasi qərarları ilə razılaşmaq məcburiyyətindədirlər. Çünki bu gün regionda diktəni Qalib Komandan cənab İlham Əliyev edir. 

Göründüyü kimi, adını tariximizə həm də Xilaskar Lider kimi yazdıran cənab İlham Əliyev milli maraqlara əsaslanan, tam müstəqil, prinsipial siyasəti ilə Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışır. Bu istiqamətdə həyata keçirilən qətiyyətli siyasətin mərkəzində həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar fəaliyyəti də dayanır. Dövlət başçısının verdiyi strateji qərarların, islahatların aparılması, müsbətə doğru dəyişikliklərin həyata keçirilməsi niyyəti ilə irəli sürdüyü vəzifələrin uğurla icrasını, öz məqsədinə çatmasını təmin edən başlıca dəstək də məhz Mehriban xanım Əliyeva tərəfindən verilir. Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların arzularından gəlmiş uğurlu, parlaq simadır. Gördüyü bütün işlərlə Prezidentə dayaqdır, ən yaxın silahdaşdır.

Həm Prezidentin, həm də Birinci vitse-prezidentin Azərbaycanın uğurları naminə həyata keçirdikləri siyasət, apardıqları təbliğat, xalqın xoş rifahı naminə gerçəkləşdirdikləri layihələr onu deməyə əsas verir ki, Azərbaycan daha möhtəşəm, daha qüdrətli gələcəyə doğru inamla addımlayır.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri