Milli Məclisin Sədri Sahibə Qafarova bütün beynəlxalq platformalarda ölkəmizi ləyaqətlə təmsil edir

590

 

“Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Çıxışında Sahibə xanım Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edildikdən sonra bölgədə yaranmış yeni reallıqlar barədə iştirakçılara məlumat verdi. Bildirib ki, bu reallıqlar sülh və təhlükəsizliyiə əsaslanır və bütün region üçün yeni perspektivlər açır. Həmnçinin xanım Sədr Ermənistanın Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməli olduğunu diqqətə çatdırıb”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Sahibə xanım Ermənistan parlamentinin sədri Alen Simonyanın da uydurma iddialarına məntiqli arqumentləri ilə tutarlı cavab verdi: “Sədr həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılması tələbini irəli sürdü. Bir sözlə, S.Qafarova ölkəmizin maraqlarını MDB PA-da ləyaqətlə təmsil etdi. Səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşləri də məhsuldar və faydalı hesab edirəm”.

S.Möhbalıyev təəssüf hissi ilə bildirib ki, Sahibə Qafarovanın ölkəmizi şərəflə təmsil etməsini, milli maraqlarını müdafiə etməsini təqdir etmək əvəzinə, hansısa texniki səhv səbəbindən onun bu uğurlu missiyasına gölgə salmaq istəyənlər də tapılır: “Həmin şəxslərin sərgilədikləri mövqedən də görünür ki, Azərbaycanın milli mənafeyi onları maraqlandırmır. Onlar sadəcə kimlərisə ləkələmək, aranı qarışdırmaq, cəmiyyətdə çaşqınlıq yaratmaqla məşğuldurlar. Sahibə xanım bütün beynəlxalq platformalarda, keçirdiyi ikitərəfli görüşlərdə Milli Məclisin Sədri kimi ölkəmizi şərəflə təmsil edib. Hamı anlamalı və qəbul etməlidir ki, Azərbaycan xalqı dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək daha parlaq gələcəyə doğru inamla irəliləyir və bizi bu yoldan heç kim çəkindirə bilməz”.