AHİK sədri Səttar Möhbalıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb

757

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səttar Möhbalıyev Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən, ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərdən, qanunverici orqanlar arasında olan münasibətlərin səviyyəsindən, dostluq qruplarının uğurlu fəaliyyətindən, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətindən danışılıb.

AHİK sədri bildirib ki, Polşa ilə Azərbaycan arasında münasibətlərin dərin tarixi kökləri var: “Müstəqil respublikalarımız arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Lakin əlaqələrimizin kökü XV əsrə qədər gedib çıxır. Belə ki, 1472-ci ildə Ağqoyunlular tərəfindən Polşaya diplomatik missiya göndərilmişdir. Bunu nəzərə alsaq, bu il həm də Azərbaycan- Polşa diplomatik əlaqələrinin 550 ili tamam olur. Buna görə də 21 fevral tarixini münasibətlərimizin bərpası günü kimi də xarakterizə etmək olar”.

S.Möhbalıyev qeyd edib ki, dövlətlərimiz arasında bütün sahələrdə ikitərəfli və çoxtərəfli iqtisadi, siyasi və mədəni əlaqələrin, qarşılıqlı faydalı və strateji münasibətlərin inkişafında Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur: “1997-ci ildə Ulu Öndərin Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə ilk dəfə bu ölkəyə rəsmi səfəri zamanı imzalanan dostluq və əməkdaşlıq haqqında bir sıra sənədlər ikitərəfli münasibətləri tənzimləyən hüquqi-narmativ bazanı genişləndirməklə qarşılıqlı əlaqələrin daha intensiv inkişafına yeni perspektivlər açmış oldu. Münasibətlərimizin sonrakı inkişafı bu səfərin strateji əhəmiyyətini bir daha təsdiqləyir”.

AHİK sədri bildirib ki, 2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra da Azərbaycan-Polşa münasibətləri prioritet istiqamət təşkil etmiş, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər təşkil olunmuş, əlaqələrin inkişafına təkan verən mühüm sənədlər imzalanmışdır.

S.Möhbalıyev diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında olan Şərqi Zəngəzuru və Qarabağı cəmi 44 günə azad etdi: “Bu, tarixi ədalətin zəfəri, beynəlxalq hüququn bərpası idi. Hələ münaqişə dövründə Polşa problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış etməklə böyük bir ədalət nümayiş etdirirdi. Təbii ki, bu da ölkələrimiz arasında münasibətlərin inkişafına yeni bir stimul vermiş oldu”.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan-Polşa əlaqələri parlamentlər səviyyəsində də inkişaf etməkdədir: “Parlament sədrlərinin qarşılıqlı şəkildə təşkil olunmuş rəsmi və işgüzar xarakterli səfərləri ikitərəfli münasibətlərə öz müsbət təsirini göstərib. Parlamentlərarası əlaqələr üzrə işçi qrupu səviyyəsində də dostluq və qardaşlığımızın davamlı olması üçün aktiv iş aparılır”.

Konfederasiya sədri deyib ki, ölkələrimiz arasında ümumilikdə 51 sənəd imzalanıb: “2017-ci ildə hər iki ölkənin prezidentləri tərəfindən imzalanan strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannamə ölkələrimiz arasında siyasi əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafını təmin etməkdədir. İqtisadi əlaqələrə gəldikdə Azərbaycanda 27 Polşa şirkəti  sənaye, tikinti, ticarət, xidmət və sair sahələrdə fəaliyyət göstərir”.

S.Möhbalıyev Azərbaycan və Polşa həmkarlar ittifaqları arasında olan münasibətlərdən də söz açıb. Bildirib ki, əlaqələrimiz yüksək səviyyədə davam etməkdədir.

Görüşə görə təşəkkür edən səfir Rafal Poborski bildirib ki, ölkələrimiz arasında möhkəm təməllər üzərində bərqərar olan münasibətlərimiz strateji xarakter daşıyır və hər iki xalqın mənafeyini əks etdirir. Onun sözlərinə görə, Polşa Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin bundan sonra da dərinləşdirilməsində maraqlıdır. Azərbaycanın işğaldan azad olunmuş Şərqi Zəngəzura və Qarabağa səfərini xatırladan səfir bildirib ki, oradakı dağıntıları öz gözləri ilə görüb. Parlamentlər səviyyəsindəki əlaqələrə toxunan səfir bunun münasibətlərimizin daha da inkişafına xüsusi töhfə olduğunu qeyd edib. R.Poborski iki dövlət arasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirə aparıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.