Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır

868

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli qətnaməsinə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə, ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var. Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də Azərbaycan torpaqlarıdır.

Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə  və vandal aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və dağdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi olan Azərbaycanı nədən ittiham etməyə çalışır!?

1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər, dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu!? Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli yanaşmanın təzahürüdür.

Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.

İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər görmürlərmi ki, vaxtı ilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə dönuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur.

Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.

AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.

Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də alqışlanmalıdır.

İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır.

Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə, həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə xələl gətirə bilər.

Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.

AHİK-in üzv təşkilatları

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası

“Metal-iş” Həmkarlar İttifaqı Federasiyası

Aviasiya İşçiləri Həmkarlar İttifaqı

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı

“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı

Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

“İnşaat-İş”  Həmkarlar İttifaqı

Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

Metropoliten İşçiləri Həmkarlar İttifaqı

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı