Azərbaycan qadını Vətənə sədaqəti və fədakarlığı ilə seçilir

749

“8 mart – Beynəlxalq Qadınlar Gününə Azərbaycanda diqqət kifayət qədər böyükdür, ölkəmizdə bu bayram xüsusi təmtəraqla qeyd olunur. İdarə, təşkilat və müəssisələrdə bu məqsədlə tədbirlər təşkil olunur, qadınlara hörmət və ehtiram nümayiş etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev hər il bayram münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların ölkəmizin inkişafında xidmətlərini qeyd edir, bir qrupuna fəxri adlar verir, orden və medallarla təltif edir. Bu, ölkə qadınlarına dövlət səviyyəsində olan diqqət və qayğının əlamətidir. Ümumilikdə Prezidentin siyasi fəaliyyətinin mühüm tərəfini qadınlar təşkil edir və onların ölkəmizin ictimai-siyasi həyatında rolu durmadan artmaqdadır”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, tarixən milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək cəmiyyətimizdə qadına dərin hörmətlə yanaşılıb, ana adı uca tutulub və müqəddəs hesab olunub: “Tarixin hər bir səhifəsində qadınlarımızın xidmətlərinə, qəhrəmanlıqlarına, dövlətçiliyimizin inkişafına verdiyi töhfələrə, yetirdiyi övladların rəşadətinə, tərbiyə etdiyi oğul və qızlarının vətənpərvərliyinə rast gəlmək mümkündür. Onlar ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, Ana dilimizin inkişafında müstəsna xidmətlər göstəriblər. Tomris, Məhsəti, Sara xatun, Həcər, Natəvan kimi analarımız Azərbaycan qadının şan-şöhrətini ucalara qaldırıb və gələcək nəsillərə nümunə olublar. Hər zaman müqəddəs ana şərəfini uca tutan Azərbaycan qadını öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə bərabər, döyüş meydanlarında da şücaət göstərmişlər”.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən AHİK sədri qeyd edib ki, Ulu Öndər hər zaman qadın şəxsiyyətinə dərin hörmətlə yanaşırdı: “Ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi”.

“Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir. Xeyirxah işləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur. Hər birimizi qürurlandırır ki, Azərbaycan qadını bu gün UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının mərhəmət və xeyirxahlığına, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərinə fəxarətlə şahidlik edirik”, – Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev vurğulayıb ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadını fədakarlıq və şücaət nümayiş etdirdi: “Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız zəfərimizin əsas təminatçısı oldu. Qələbə istəyi ilə övladlarını işğal altında olan torpaqlarımızı azad etməyə göndərən analar Vətən hissini hər şeydən uca tutdular. Hətta şəhid balalarının cənazəsi qarşısında cəsarətlə dayandılar, sınmadılar, hamısı “Vətən sağ olsun” deyərək başını dik tutdu. Bax budur Azərbaycan qadınının fədakarlığı. Əziz xanımlarımızı, o cümlədən şəhid anaları və xanımlarını, qazilərimizin ömür-gün yoldaşlarını, həmçinin əsgər analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara ən xoş və səmimi arzularımı çatdırıram”.