Vaksinasiya strategiyası Azərbaycanda uğurla davam edir

776

“Bütün beynəlxalq platformalarda dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışı böyük maraq doğurur. Səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən məqbul qarşılanır. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik müzakirələrində çıxış da bu qəbildəndir. Ümumiyyətlə, bu gün dünyada hələ də aktual olan pandemiyaya qarşı mübarizədə ölkəmiz nümunə nümayiş etdirdi. Dövlətimiz tərəfindən həyata keçirilən önləyici tədbirlərlə pandemiyanın ağır nəticələrindən yayına bildik. Bir sözlə, pandemiya dünya dövlətləri üçün bir sınaq oldu, qürurla deyə bilərik ki, bu imtahandan qalib çıxdıq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizdə tətbiq etdiyi vaksinasiya strategiyası artıq öz nəticəsini göstərir: “Azərbaycanda vurulan vaksinlər həm effektiv, həm də təhlükəsizdir. İndiyədək ölkədə yetkin əhalinin 68%-dən coxuna 2 doza vaksin vurulub. Belə ki, son statistikaya əsasən, ümumilikdə 13 milyona yaxın vətəndaşımız vaksinasiya olunub. Bu da ölkə əhalisinin sağlamlığına məsuliyyətli davranışını göstərir. Daha bir vacib məqama diqqət çəkmək istərdim. Belə ki, digər dövlətlərdən fərqli olaraq ölkəmizdə vaksinasiya prosesi pulsuz həyata keçirilir. Bu, dövlətimizin vətəndaşların sağlamlığının vacibliyinə diqqətin əlamətidir”.

“Pandemiya ilə əlaqədar vətəndaşlarımızın sosial vəziyyəti də dövlətimizin diqqət mərkəzində olub. Ölkəmizdə koronavirusdan əziyyət çəkən insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. Cari ildə də bu məqsədlər üçün dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılıb. Əsas qürur doğuran odur ki, möhtərəm Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Qoşulmama Hərakatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmiz bu gün də humanitar missiyasını uğurla davam etdirir, pandemiyanın ciddi nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir”, – Milli Məclisin deputatı deyib