Gənclər Günü münasibətilə MİHİ-də tədbir keçirilib

688

2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) universal döyüş üzrə dünya kubokunda Azərbaycan bayrağını ucaldaraq qızıl medal qazanmış metropoliten əməkdaşı İlkin Bədirxanovla  görüş keçirilib.

Görüşdə çıxış edən MİHİ sədri Arif Mərdanov dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir: “Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”. A.Mərdanov qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar: “Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.

Təşkil olunmuş görüşə və göstərilən diqqətə görə təşəkkür edən İlkin Bədirxanov çıxışında dövlətimizin gənclərə olan diqqət və qayğısından bəhs edib. Vurğulayıb ki, ölkəmizdə gənclərin müasir elmi biliklərə yiyələnməsi, onların sağlam mühitdə yetişməsi, malik olduqları potensiallarından yararlanmaları üçün hər cür şərait yaradılır.

Sonda İlkin Bədirxanova bir gənc olaraq idman sahəsində əldə etdiyi nailiyyətlərə görə, təşəkkür olunub və hədiyyə təqdim edilib.